Britaniyanın ticarət elçisi: Azərbaycan investisiya qoyuluşu üçün əlverişli ölkədir
London, 2 iyul, AZƏRTAC
Azərbaycan investisiya qoyuluşu üçün əlverişli ölkədir.
Bu sözləri AZƏRTAC-a eksklüziv müsahibəsində Böyük Britaniyanın Azərbaycan və Mərkəzi Asiya üzrə ticarət elçisi Lord Olderdays deyib.
O, Azərbaycanın Orta Dəhlizdəki strateji rolundan və Böyük Britaniya şirkətləri üçün mövcud investisiya imkanlarından danışıb: “Azərbaycan Orta Dəhlizdə mərkəzi mövqeyə malikdir və regiondakı daha geniş əməkdaşlıq əlaqələrində də mühüm rol oynayır”.
Lord Olderdays, Azərbaycana son səfərinin olduqca məhsuldar keçdiyini və iki ölkə arasında münasibətlərin inkişafından məmnun olduğunu ifadə edib.
Britaniya şirkətlərinə hansı mesajı vermək istədiyi ilə bağlı sualı cavablandıran ticarət elçisi bildirib: “Britaniya şirkətlərinə mesajım ondan ibarətdir ki, Azərbaycan investisiya qoyuluşu üçün əlverişli ölkədir. Burada inkişaf edən iqtisadiyyat və çoxsaylı imkanlar mövcuddur. Həmin imkanlar yalnız ənənəvi sahələrlə məhdudlaşmır. Şirkətlər Azərbaycanla əməkdaşlığı inkişaf etdirdikcə, ali təhsil və ingilisdilli təhsil proqramları da daxil olmaqla müxtəlif sahələrdə həm Azərbaycanda, həm də regionun digər ölkələrində yeni əməkdaşlıq imkanlarının açıldığının şahidi olacaqlar. Mən bu mesajı təkcə İngiltərənin cənubunda deyil, həmçinin Şotlandiya, Uels, Şimali İrlandiya və İngiltərənin şimalında fəaliyyət göstərən şirkətlərə də çatdırıram. Hesab edirəm ki, gələcəkdə Azərbaycanın əhəmiyyəti daha da artacaq. Buna görə də Britaniya şirkətlərinə mesajım ondan ibarətdir ki, Azərbaycanla əməkdaşlıq etsinlər”, - deyə o əlavə edib.
Bərpaolunan enerji məsələlərinə də toxunan Lord Olderdays bildirib ki, bərpaolunan enerji iqtisadi inkişaf üçün yeni imkanlar açır. O vurğulayıb ki, dayanıqlı və etibarlı enerji mənbələri olmadan iqtisadi inkişaf mümkün deyil: “Azərbaycan uzun illərdir etibarlı enerji təchizatçısı kimi tanınır, bərpaolunan enerji sahəsini inkişaf etdirmək və enerji sektorunu daha da şaxələndirmək istiqamətində mühüm addımlar atır”.