BRÜSSELDƏ AVROPA QONŞULUQ SİYASƏTİ ÇƏRÇİVƏSİNDƏ FƏALİYYƏT PLANI ÜZRƏ DANIŞIQLAR APARILMIŞDIR
Danışıqlarda Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi P.Semnebi, Avropa Komissiyasının (AK) Azərbaycandakı xüsusi elçisi A.Uaddams və AK-nın xarici əlaqələr üzrə baş direktorluğunun şöbə müdiri Yuulun başçılığı ilə ekspertlər qrupu iştirak etmişlər.
İlk olaraq, beş ilə nəzərdə tutulan Fəaliyyət Planı siyasi, təhlükəsizlik, iqtisadi, sosial, hüquqi, ticarət, mədəni və s. sahələrə dair ikitərəfli əməkdaşlığı əhatə edir. Planın uğurla həyata keçirilməsi Azərbaycana Aİ-nin daxili bazarına girmək, müxtəlif proqramlarda iştirak etmək hüququ verəcəkdir.
Sənədin mətninin bənd-bənd müzakirə olunduğu görüşdə nümayəndə heyətimizin üzvləri plana dair təkliflərini təqdim etmişlər.
Ekspertlər arasında razılaşdırılacaq plan Aİ-nin üzvü olan 25 ölkə tərəfindən təsdiq edilməlidir. Sənədin sentyabrda keçiriləcək Avropa İttifaqı - Azərbaycan Əməkdaşlıq Şurasının iclasında qəbul olunması nəzərdə tutulmuşdur.
Görüşdə müxtəlif sahələr üzrə əməkdaşlıq prioritetləri barədə razılıq əldə olunmuş, üzərində işlənməsi müəyyən vaxt tələb edən bəzi məsələlər barədə daha ətraflı müzakirə aparılması qərara alınmışdır. Danışıqların növbəti dövrəsinin mayda Bakıda keçiriləcəyi gözlənilir.