Brüsseldə azərbaycanlıların soyqırımı günü ilə bağlı etiraz aksiyası keçirilmişdir
Brüssel, 1 aprel (AZƏRTAC). Azərbaycan-Belçika Dostluq Cəmiyyəti Azərbaycanlıların Soyqırımı günü və 2002-ci il təvəllüdlü Fariz Bədəlovun erməni snayperi tərəfindən vəhşicəsinə qətlə yetirilməsi ilə bağlı Brüsseldə Avropa İttifaqı Şurasının qarşısında etiraz aksiyası təşkil etmişdir. Belçikada yaşayan soydaşlarımızın, burada təhsil alan tələbələrimizin və türk diaspor təşkilatları nümayəndələrinin iştirak etdikləri aksiyada ermənilərin mülki insanları və uşaqları qətlə yetirməsinə son qoyması, işğal olunmuş torpaqlardan çıxması tələb edilmiş, “Sarkisyan qatil”, “Erməni vəhşiliyi”, “31 mart - Azərbaycanlıların soyqırımı günü” “Erməni işğalına son”, “Avropa İttifaqı, biganə olma” kimi şüarlar səsləndirilmişdir. Aksiya iştirakçıları, eyni zamanda Avropa İttifaqını haqq və ədaləti dəstəkləməyə, erməni cinayətkarların cəzalandırılması üçün qəti addımlar atmağa çağırmışlar. Əllərində F.Bədəlovun fotoları və müvafiq etiraz plakatları olan aksiya iştirakçıları Brüssel sakinlərinə ermənilərin azərbaycanlılara qarşı dəfələrlə törətdiyi soyqırımlardan bəhs edən məlumat vərəqələri paylamışlar.
Aksiyanın sonunda bəyanat oxunmuşdur. Bəyanatda ermənilərin azərbaycanlılara qarşı soyqırımı və işğalçılıq siyasəti, 1918-ci il mart qırğınları, Xocalı soyqırımı, F.Bədəlovun və mülki insanların qətli öz əksini tapmış, erməni vəhşiliyinə və işğalına son qoyulması tələb edilmişdir. Bəyanatın mətni Avropa İttifaqı rəhbərliyinə, Avropa Parlamentinin deputatlarına, Belçikalı millət vəkillərinə və senatorlara, insan haqları təşkilatlarına da göndərilmişdir.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Brüssel
######
