SİYASƏT
Brüsseldə keçirilən tədbirdə Ulu Öndərin Azərbaycan xalqı qarşısındakı əvəzsiz xidmətlərindən danışılıb
Brüssel, 11 may, AZƏRTAC
Mayın 10-da Brüsseldə Azərbaycan Respublikasının Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı səfirliyi, NATO yanında daimi nümayəndəliyi və yerli diaspora təşkilatlarının iştirakı ilə xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə çıxış edən Azərbaycanın Belçikadakı səfiri Fuad İsgəndərov ulu öndər Heydər Əliyevin keçdiyi şərəfli ömür yolundan danışıb, məhz Heydər Əliyevin uzaqgörənliyi, iradəsi və əvəzsiz siyasi strategiyası nəticəsində Azərbaycan Respublikasının bu gün dünya ölkələri tərəfindən etibarlı tərəfdaş kimi qəbul edildiyini vurğulayıb.
Səfir Fuad İsgəndərov Ulu Öndərin müstəqil Azərbaycana rəhbərlik etdiyi müddətin ölkəmizin müstəqilliyinin möhkəmləndirilməsi və Azərbaycanın hərtərəfli inkişaf konsepsiyasının işlənib hazırlanması baxımından ən yeni tariximizə qızıl hərflərlə həkk olunduğunu qeyd edib və hər bir azərbaycanlının qəlbində iz buraxdığına əmin olduğunu bildirib.
Tədbirdə çıxış edən Azərbaycan Respublikasının NATO yanında daimi nümayəndəliyinin rəhbəri Xəzər İbrahim Ulu Öndərin Azərbaycan xalqı qarşısında xidmətlərinin heç bir zaman unudulmayacağını vurğulayıb, Heydər Əliyevin əziz xatirəsinin hər bir azərbaycanlının qəlbində daim yaşayacağını diqqətə çatdırıb.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Brüssel