İQTİSADİYYAT
Brüsseldə “Logistikanın dəyişən iqlimi” sloqanı ilə növbəti FİATA Dünya Konqresi keçirilib
![](/files/galleryphoto/2023/3/1200x630/16968473463570852270_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/16968473464097551166_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/16968473464645025434_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/16968473464956147449_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/1696847346381081647_1200x630.jpg)
Bakı, 9 oktyabr, AZƏRTAC
Oktyabrın 3-6-da Belçikanın paytaxtı Brüssel şəhərində FİATA (Beynəlxalq Ekspeditorlar Assosiasiyaları Federasiyası)nın “Logistikanın dəyişən iqlimi” sloqanı ilə növbəti FİATA Dünya Konqresi keçirilib.
Yetmişə yaxın ölkədən 500-dən çox iştirakçının və bu sahədə ixtisaslaşmış 60-dan çox beynəlxalq ekspert-çıxışçının iştirak etdiyi konqresdə Azərbaycanı Azərbaycan Nəqliyyat Ekspeditor şirkətləri Assosiasiyası, eləcə də ölkənin nəqliyyat-logistika sahəsində kadr hazırlığı üzrə ilk özəl təlim-tədris mərkəzi olan “Aztugem” MMC təmsil edib.
“Aztugem” Təlim-Tədris müəssisəsinin rəhbəri, eyni zamanda, beynəlxalq təşkilat olan WILAT-ın (Women In Logistics And Transport) Azərbaycan üzrə əlaqələndirici məsul şəxsi təyin olunmuş Lamiyə Xəlilova konqres çərçivəsində bir çox assosiasiya nümayəndələri və ekspertlərlə, eləcə də FİATA prezidenti cənab İvan Petrov, həmçinin Ərəb Körfəzinin Baş Milli Ekspeditorlar Assosiasiyası sədri, eyni zamanda da “WILAT Global”ın vitse-prezidenti xanım Nadia Abdul Aziz ilə görüşlər keçirib, görüşlər çərçivəsində təcrübə mübadiləsi, kadr hazırlığı, təlim-tədris, qadınların nəqliyyat-logistikada mövqeyinin artırılması üzrə fikir mübadilələri aparıb.
Üç gün davam edən FİATA Dünya Konqresi “Logistika və nəqliyyat sahəsində yeni rəqəmsallaşma (digitalizasiya) həlləri”, “Yaşıl Logistikanın gələcəyi”, “Nəqliyyat və Logistika sahəsində risklərin idarə edilməsinin optimallaşdırma mənbələri”, “Nəqliyyat və Logistika üzrə peşə təhsilinin təşviqi” kimi panel mövzuları üzrə ekspertlərin təqdimatları, fikir mübadilələri və müzakirələrlə davam edib.
Qeyd edək ki, 1926-cı ildən fəaliyyət göstərən və mərkəz ofisi Cenevrədə yerləşən Beynəlxalq Ekspeditorlar Assosiasiyaları Federasiyası (FİATA) hazırda 150-dən çox ölkədən olan 109 ekspeditor assosiasiyasını, eləcə də 5500-dən çox fərdi üzvi və 40 mindən çox nəqliyyat və ekspeditor şirkətlərini birləşdirir.