BRÜSSELDƏ XOCALI SOYQIRIMI QURBANLARININ XATİRƏSİ ANILACADIR
Brüssel, 19 fevral ( AZƏRTAC ). Azərbaycanın Belçika Krallığında və Lüksemburq Hersoqluğundakı səfirliyi, ölkəmizin Avropa İttifaqı və NATO yanındakı nümayəndəlikləri XX əsr tarixinin ən qanlı səhifələrindən birini təşkil edən Xocalı soyqırımı ilə əlaqədar Brüsselin Beynəlxalq Mətbuat Mərkəzində seminar keçirəcək və sərgi təşkil edəcəkdir.
Belçika ictimaiyyəti nümayəndələrinin, bu ölkədə akkreditə olunmuş diplomatik korpus əməkdaşlarının, qeyri-hökumət təşkilatları təmsilçilərinin, Azərbaycan diasporu üzvlərinin və tələbələrimizin iştirak edəcəkləri seminarda İslam Konfransı Təşkilatı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə elan olunmuş “Xocalıya ədalət” kampaniyasının təqdimatı olacaqdır.
Tədbirdə Heydər Əliyev Fondu və “Xocalıya ədalət” beynəlxalq kampaniyası tərəfindən hazırlanmış materiallardan geniş istifadə olunacaq, dünya liderləriniə ünvanlanmış müraciətə imzalar atılacaqdır.
Həmin gün Belçikada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları Brüsselin Meeus meydanından Avropa təsisatlarının yerləşdiyi Şuman meydanınadək yürüş-mitinq keçirəcəklər. Yürüşün sonunda Avropa İttifaqı qurumlarının rəhbərlərinə Xocalı soyqırımını tanımaları və “Xocalıya ədalət“ kampaniyasına qoşulmaları üçün rəsmi şəkildə məktub təqdim olunacaqdır. Ermənistan səfirliyinə təcavüzkar dövlətin törətdiyi bu faciəni etiraf etməsi və işğal altında saxladığı Azərbaycan ərazilərini tərk etməsi tələbi irəli sürüləcəkdir.
Yürüş zamanı Brüssel sakinlərinə Xocalı soyqırımına dair məlumat bröşürləri və digər vəsaitlər paylanacaqdır.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Brüssel