BSU-da soyqırımı qurbanları yad edildi
Bakı, 1 aprel (AZƏRTAC). Bakı Slavyan Universitetində (BSU) 31 mart Azərbaycanlıların soyqırımı gününə həsr olunmuş tədbir keçirilmişdir.
Soyqırımı qurbanlarının işıqlı xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
BSU-nun rektoru, AMEA-nın müxbir üzvü professor Kamal Abdullayev ermənilər tərəfindən xalqımıza divan tutulmasının zaman-zaman, məqsədyönlü, mütəşəkkil təkrarlandığını vurğulamışdır. Soyqırımı ilə bağlı belə tədbirlərin ulu öndər Heydər Əliyevin 1998-ci ildə imzaladığı tarixi Fərmanın işığında mümkün olduğunu vurğulayan K.Abdullayev, o acı günlərin, dəhşətli qətliamların daim yaddaşımızda yaşayacağını qeyd etmişdir. Hər kəsə təkcə intiqam yox, həm də ədalət hissi ilə yaşamağı tövsiyə edən rektor bu hadisələrin heç vaxt unudulmamasını və gələcək nəsillərə ötürülməsinin vacibliyini vurğulamışdır: “Biz öncə ulu öndər Heydər Əliyevə daim minnətdar olmalıyıq, çünki məhz onun sayəsində bütün bu hadisələrə dövlət səviyyəsində hüquqi-siyasi qiymət verildi”.
Tədbirdə çıxış edən digər natiqlər soyqırımının dünya ictimaiyyətinə çatdırılması istiqamətində görülən işlərdən, həyata keçirilən layihələrdən danışmışlar. Bildirilmişdir ki, soyqırımı ilə bağlı universitetdə silsilə tədbirlər keçirilmişdir. Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin dəstəyi ilə BSU-da təcrübə keçmiş Moskva Dövlət Linqvistik Universitetinin Azərbaycan dili və mədəniyyətini öyrənən bir qrup tələbəsi və BSU-da təhsil alan əcnəbi tələbələr soyqırımı qurbanlarının Qubadakı məzarlığını ziyarət etmiş, gənclərin Azərbaycan Tarixi Muzeyinə ekskursiyası təşkil edilmiş, universitetdə və Məktəb-Lisey Kompleksində bir dərs saatı 31 mart Soyqırımı Gününə həsr edilmişdir. Bu tarixlə bağlı məlumatlar tələbələr tərəfindən internet saytlarına yerləşdirilmişdir.