Bu gün iki Azərbaycan cüdoçusu dünya çempionatında tatami üzərinə çıxıb YENİLƏNİB
Bakı, 1 sentyabr, AZƏRTAC
Çempionatda 90 kiloqramda çıxış edən Məhəmməd Mehdiyev bürünc medal uğrunda təsəlliverici görüşdə Gürcüstan idmançısı Uşanqi Marqianiyə məğlub olan təmsilçimiz mübarizəni dayandırıb.
Eyni çəkidə mübarizə aparan Tural Səfquliyev isə dörddəbir finalda serbiyalı Aleksandar Kukolja uduzaraq mundialla vidalaşıb.
18:23
X X X
Çempionatda 90 kiloqramda çıxış edən Məhəmməd Mehdiyev yarımfinalda qırğızıstanlı Kristian Tota məğlub olub. İdmançımız bürünc medal uğrunda təsəlliverici görüşlərdə çıxış edəcək. Onun ilk rəqibi Gürcüstan idmançısı Uşanqi Marqiani olacaq.
Eyni çəkidə mübarizə aparan Tural Səfquliyev isə dörddəbir finalda serbiyalı Aleksandar Kukolja uduzaraq mundialda mübarizəni dayandırıb.
16:05
X X X
IV İslam Həmrəyliyi Oyunlarının qızıl və gənclər arasında Avropa çempionatının bürünc medalçısı Məmmədəli Mehdiyev dörddəbir finalda ispan Nikoloz Şerazadişvili üzərində qələbə qazanaraq qızıl medala bir qədər də yaxınlaşıb.
15:37
X X X
Azərbaycan cüdoçusu Tural Səfquliyev səkkizdəbir finalda özbəkistanlı Şaxzodbek Sabirovu mübarizədən kəınarlaşdıraraq dörddəbir finala vəsiqə qazanıb. Medallara gedən yolda idmançımızın növbəti rəqibi serbiyalı Aleksandar Kukolj olacaq.
15:19
X X X
Cüdoçumuz Məmmədəli Mehdiyev səkkizdəbir finalda Tunis cüdoçusu Ussama Mahmud Snussini mübarizədən kənarlaşdıraraq növbəti mərhələyə yüksəlib. İdmançımızın növbəti rəqibi ispan Nikoloz Şerazadişvili olacaq.
14:13
X X X
Cüdoçumuz Məmmədəli Mehdiyev ikinci ukraynalı Kedjau Nyabalini məğlubiyyətə uğradaraq səkkizdəbir finala vəsiqə qazanıb. Bu mərhələdə idmançımızın rəqibi Tunis cüdoçusu Ussama Mahmud Snussi olacaq.
13:28
X X X
Digər cüdoçumuz Tural Səfquliyev də dünya çempionatına uğurlu start verib. İdmançımız perulu Xose Luis Arroyo Osorno asanlıqla məğlub edərək adını səkkizdəbir finala yazdırıb. Bu mərhələdə idmançımız rəqibi özbəkistanlı Şaxzodbek Sabirov olacaq.
13:13
X X X
Azərbaycan cüdoçusu Məmmədəli Mehdiyev ilk görüşünü qələbə ilə başa vurub. O, otuzikidəbir finalda rumıniyalı Kristian Bodirlaunu məğlub edərək növbəti mərhələyə yüksəlib. Bu mərhələdə cüdoçumuz ukraynalı Kedjau Nyabali ilə üz-üzə gələcək.
12:04
X X X
Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında bu gün Azərbaycanın daha iki cüdoçusu medallar uğrunda mübarizəyə qoşulacaq.
AZƏRTAC xəbər verir ki, mundialın beşinci günündə 90 kiloqram çəki dərəcəsində kişi, 70 və 78 kiloqram çəkilərdə isə qadın cüdoçuların mübarizəsi başlayacaq.
Kişi cüdoçuların yarışında ölkəmizi IV İslam Həmrəyliyi Oyunlarının qızıl və gənclər arasında Avropa çempionatının bürünc medalçısı Məmmədəli Mehdiyev və builki Avropa kubokunun, həmçinin Meksika Qran-prisinin gümüş mükafatçısı Tural Səfquliyev təmsil edəcəklər. Qadınlar mübarizəsində ölkəmiz təmsil olunmayıb.
Cüdoçularımızın ilk rəqibləri artıq müəyyənləşib. Tural Səfquliyev onaltıdabir final mərhələsində perulu Xose Aroyo, Məmmədəli Mehdiyev isə otuzikidəbir final mərhələsində rumıniyalı Kristian Bodirlau ilə qarşılşacaq.
İlk görüşlər Bakı vaxtı ilə saat 12:00-da, yarımfinal, təsəlliverici və final qarşılaşmaları saat 18:00-da başlayacaq.
Hazırda aktivində iki gümüş medal olan Azərbaycan yığması dünya çempionatında komanda hesabında üçüncü pillədədir. Millimizin heyətində mötəbər yarışda yüksək əzmkarlıq nümayiş etdirən Orxan Səfərov (60 kq) və Rüstəm Orucov (73 kq) gümüş medallar qazanıblar.
Macarıstandakı dünya çempionatında 134 ölkədən 794 cüdoçu (482 kişi, 312 qadın) mübarizə aparır.
Azərbaycan milli komandası bu mötəbər yarışda 17 nəfərlik (9 kişi, 8 qadın) heyətlə iştirak edir.