İQTİSADİYYAT
Bu il istehsal olunan sənaye məhsullarının dəyəri 47 milyard manatı ötüb
Bakı, 14 oktyabr, AZƏRTAC
Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən cari ilin yanvar-sentyabr aylarında 47,8 milyard manatlıq və ya 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 1,3 faiz çox sənaye məhsulu istehsal edilib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, hesabat dövründə məhsul istehsalı neft-qaz sektorunda 0,6 faiz, qeyri-neft-qaz sektorunda isə 8,7 faiz artıb.
Sənaye məhsulunun 64 faizi mədənçıxarma sektorunda, 30,2 faizi emal sektorunda, 4,8 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 1 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.
Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 4 faiz azalıb, əmtəəlik qaz hasilatı isə 5,2 faiz artıb.
Emal sektorunda avtomobil, qoşqu və yarımqoşquların istehsalı 53,4 faiz, əczaçılıq məhsullarının istehsalı 47,4 faiz, kompüter, elektron və optik məhsulların istehsalı 42,9 faiz, hazır metal məmulatlarının istehsalı 38,1 faiz, mebel istehsalı 35,8 faiz, elektrik avadanlıqlarının istehsalı 34,1 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 29,9 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 23 faiz, tikinti materiallarının istehsalı 22,9 faiz, içkilərin istehsalı 19,9 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 19,2 faiz, tütün məmulatlarının istehsalı 12,9 faiz, kimya sənayesi məhsullarının istehsalı 9,6 faiz, kağız və karton istehsalı 8,2 faiz, qida məhsullarının istehsalı 7 faiz, neft məhsullarının istehsalı 2,8 faiz artıb, geyim istehsalı 0,1 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 1,6 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 7,6 faiz, sair sənaye məhsullarının istehsalı 7,8 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 10,4 faiz, poliqrafiya məhsullarının istehsalı 23,1 faiz, maşın və avadanlıqların istehsalı 40,1 faiz, sair nəqliyyat vasitələrinin istehsalı isə 52,8 faiz azalıb.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 1 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 9,1 faiz artıb.