Bu ilin əvvəlindən Zaqatalada 18 subartezian quyusu qazılıb
Zaqatala, 15 dekabr, Mustafa Dadaşov, AZƏRTAC
Azərbaycan Prezidentinin “Zaqatala rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya olan tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” 2020-ci il 19 avqust tarixli Sərəncamına əsasən, “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC tərəfindən bu il rayon ərazisində 18 ədəd subartezian quyusunun qazılması nəzərdə tutulurdu. Artıq bu quyuların hamısında qazma işləri tamamlanıb. Hazırda qazılan quyularda elektrik avadanlığının quraşdırılması işləri davam etdirilir. Subartezian quyularının cari ilin sonunadək istismara verilməsi nəzərdə tutulur.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Subartezian Quyularının İstismarı İdarəsinin rəisi Sabir Əhmədov məlumat verib.
Qurum rəsmisi bildirib ki, yeni quyuların istismara verilməsi nəticəsində 63 min nəfərə yaxın əhalinin yaşadığı 17 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatı yaxşılaşdırılacaq, həmçinin əhalinin içməli suya tələbatı ödəniləcək.
Qeyd edək ki, Prezident İlham Əliyevin imzaladığı “Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması və əhalinin içməli suya olan tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” sərəncamların icrası çərçivəsində “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC tərəfindən 2013-2019-cu illər ərzində Zaqatala rayonunda 80 subartezian və artezian quyusu qazılaraq əhalinin istifadəsinə verilib.