ELM VƏ TƏHSİL
“Bu vətən, bu torpaq unutmaz sizi” - Anım Gününə həsr olunan tədbir
Bakı, 26 sentyabr, AZƏRTAC
Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Respublika Elmi-Texniki Kitabxanasında 27 Sentyabr – Anım Günü münasibətilə “Bu vətən, bu torpaq unutmaz sizi” adlı tədbir keçirilib.
Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, tədbirdə Respublika Elmi-Texniki Kitabxanasının direktoru Mübariz Məmmədli Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamı ilə hər il sentyabrın 27-nin Azərbaycanda Anım Günü kimi qeyd edilməsinin əhəmiyyətindən danışıb.
Tədbirdə iştirak edən Azərbaycan Respublikası “Xatirə Kitabı” redaksiyasının baş redaktoru Nəzakət Məmmədova bu vaxta qədər redaksiyada İkinci Dünya müharibəsi, Əfqanıstan döyüşləri, 20 Yanvar faciəsi, Xocalı soyqırımı, Qarabağ müharibəsi zamanı həlak olmuş, itkin düşmüş, əsir götürülmüş vətəndaşlarımız və Milli qəhrəmanlarımız haqqında əhatəli materiallar əldə edilərək bir sıra kitabların nəşr edildiyini bildirib. O, belə şəxslərin adlarının əbədiləşdirilməsinin redaksiyanın əsas işi olduğunu və bu istiqamətdə araşdırmaların davam etdirildiyini vurğulayıb.
Tədbirdə Respublika “Xatirə Kitabı” redaksiyası tərəfindən hazırlanan qısametrajlı filmlər nümayiş etdirilib.