Builki Pekin müharibə oyunlarının ssenarisi ikinci Qarabağ savaşı olub
Pekin, 15 dekabr, AZƏRTAC
Çinin paytaxtı Pekində ali məktəblərin tələbələri arasında kompüter vasitəsilə keçirilmiş 7-ci müharibə oyunlarının builki mövzusu Azərbaycanın “Dəmir yumruq” əməliyyatı - Vətən müharibəsi olub.
AZƏRTAC Çinin Milli Müdafiə Nazirliyinin rəsmi internet səhifəsinə istinadla xəbər verir ki, altı gün davam etmiş yarışda 30 ali təhsil ocağından 103 komanda yarışıb. Pekindəki Çin Təbabəti Universitetinin iki tələbəsi yarışın qalib olub.
Yarışın təşkilat komitəsinin sədri, Çin Xalq Azadlıq Ordusu nəzdindəki Hərb Akademiyasının sabiq tədqiqatçısı Pan Sinmao bildirib ki, budəfəki yarışın ssenarisi Azərbaycan ilə Ermənistan arasında sentyabrın 27-dən noyabrın 10-dək davam etmiş müharibəyə əsaslanıb. Belə ki, Qarabağ müharibəsindəki döyüş əməliyyatlarında yeni texnologiyalara əsaslanan hərbi texnikanın, xüsusən də pilotsuz uçuş aparatlarının (PUA) uğurlu tətbiqi 7-ci Pekin müharibə oyunlarının ssenarisini təşkil edib.
Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsində ən müasir silahlar da daxil olmaqla hərbi texnikadan yüksək peşəkarlıqla istifadə edərək, düşmənə sarsıdıcı zərbələr vurması və nəticədə onu kapitulyasiyaya məcbur etməsi müxtəlif ölkələrin ordularının, nüfuzlu hərbi araşdırma qurumlarının diqqətini çəkib. Belə bir ümumi rəy var ki, Qarabağ savaşında Azərbaycan XXI əsrin müharibəsinin necə olduğunu dünyaya nümayiş etdirib. Azərbaycanın əldə etdiyi qələbə və apardığı hərbi əməliyyatlar həm texniki imkanlar baxımından, eyni zamanda, operativ addımlar, əməliyyatların hazırlanması və icra edilməsi baxımından bütün dünyada öyrənilir.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev işğaldan azad edilmiş Ağdam şəhərində olarkən ordumuzun uğurlu əməliyyatları barədə deyib: “Bu gün bir çox ölkələrdə, inkişaf etmiş ölkələrdə bizim təcrübəmiz öyrənilir. Bu gün bu məsələ ilə məşğul olan bir çox ekspertlər qeyd edirlər ki, Azərbaycan XXI əsrin müharibəsini aparıb. XXI əsrdə ilk dəfə olaraq, bu miqyasda və bu səmərə ilə qısa müddət ərzində tarixi nailiyyətlər əldə edilib”.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin