Bursada Türkiyə və Azərbaycan şahmat həvəskarlarının turniri təşkil olunub
İstanbul, 31 dekabr, AZƏRTAC
Bursada Türkiyə Cümhuriyyətinin qurulmasının 100-cü il dönümü və Türkiyə-Azərbaycan şəhidlərinin xatirəsinə həsr olunan Beynəlxalq Dostluq Şahmat Turniri keçirilib.
Bu barədə AZƏRTAC-a turnirin təşkilatçısı, Bursada fəaliyyət göstərən “Gələcəyin İnsanları və İmkanları Məkanı “Azərbaycan Deyincə” Dərnəyinin (GİM AZDER) sədri Hüseyn Vəliyev məlumat verib.
Bildirilib ki, müsabiqə Türkiyənin Gənclik və İdman Nazirliyi, Türkiyə Şahmat Federasiyası Bursa şöbəsi, Bursanın Osmanqazı rayon Bələdiyyəsi və idman şöbəsi, Türkiyə Qazi və Şəhid Ailələri Vəqfi (TÜGŞAV) Bursa şöbəsi, eləcə də digərlərinin dəstəyi, “Deneyim” şahmat məktəbinin ev sahibliyi ilə baş tutub.
Tədbirin açılışını edən Türkiyə Şahmat Federasiyasının Bursa təmsilçisi Mehmet Durak çıxışında Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlığın əbədi olduğunu vurğulayıb.
O, GİM AZDER ilə başladılan bu layihənin daha da genişlədiləcəyini və tədbirin davamı kimi yaxın zamanlarda keçirilməsi nəzərdə tutulan digər turnirlərə bütün Türk dünyası ölkələrinin nümayəndələrinin də cəlb ediləcəyini deyib.
Hüseyn Vəliyev tədbirin təşkilində dəstək göstərənlərə təşəkkürünü ifadə edərək şahmatın insan zehninə faydaları barədə dünya üzrə məşhur şəxsiyyətlərin kəlamlarından sitatlar gətirib.
Turnirdə Bursada yaşayan və müxtəlif sahələrdə fəaliyyət göstərən mühəndislər, müəllimlər, məktəb şagirdləri və Bursa Uludağ Universitetində təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər. Dostluq yarışına ümumilikdə 16 azərbaycanlı və 16 türkiyəli şahmat həvəskarları qatılıb.
Qalibi birlik, dostluq və qardaşlıq olan bu turnirin yekununda, bütün iştirakçılara Türkiyə Şahmat Federasiyasının xatirə medalları, komanda kapitanlarına isə əlavə olaraq Xatirə Kubokları təqdim edilib.
Turnir əsnasında Azərbaycan və Türkiyə qəhrəman şəhidlərinin fotoşəkilləri sərgilənib.