Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bütün qələbələrin bir adı - Milli Birlik

Bütün qələbələrin bir adı - Milli Birlik

Bakı, 26 iyun, AZƏRTAC

Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə sərgiləmiş olduğu siyasi iradə və güc amilini Qələbəmizə gətirən yolun başlanğıc nöqtəsi kimi adlandırmaq olar. Məhz onun vasitəsilə qorunan və hifz olunan məfkurə dalğası, tarixi-etnik yaddaş, müstəqil dövlət təfəkkürü və istiqlal təlimi ilə bağlı bizə aşıladığı “ulusu sevmək fənni” şüurumuzun, milli-mənəvi varlığımızın tərəqqi hərəkatında iştirak edib öz işini gördü. İkinci Qarabağ savaşında böyük sevgi və coşqu ilə ön cəbhəyə döyüşə atılanları, vətənin ərazi bütövlüyü uğrunda canını fəda etməyə hazır olanları gördükcə qürurlanmaya bilmədik. Budur, Türk olmaq ibtidadan yurd üçün savaşmağa müştaq olmaq demək! Dünyaya meydan oxumaq, “bir hilal uğruna” min dəfə ölüb doğulmaq demək!

Bu fikirlər YAP İdarə Heyətinin üzvü, filologiya elmləri doktoru Elnarə Akimovanın AZƏRTAC-a təqdim etdiyi yazıda yer alıb.

Bildirilib ki, millət olmağın, bütöv yaşamağın yaddaşda və amalda keçdiyi yolun müxtəlif mərhələləri olur. 1990-cı illərdə bir xalq olaraq bu yolu ümummilli lider Heydər Əliyevlə keçdik. O mərhələ ki, görülməmiş mənəvi, əxlaqi-siyasi deqradasiyadan sonra xilaskar kimi yetişib zamanın ahəngi ilə mənəvi-əxlaqi dəyərlərin sabitliyi arasında harmoniya yaratmışdı. Son otuz ilə yaxın dövrdə dünyanın idarəçilik panteonunda çox şey, bəlkə də hər şey dəyişdi: texnogen sivilizasiya özünü tükətdi, qlobal çətin və şər stixiyası, antiinsani düşüncə meydan suladı, irqçi fəlsəfələr, vulqar qərbçi “humanizm” oyunları, məzhəbçi müharibələr çeşidi kamalın təntənəsinin heç bir nəticə verməyəcəyinin sübutu oldu. Gözəllik dünyanı xilas etmədi, elm bəhrə vermədi, kamal qalib gəlmədi.

Belə bir qlobal və geopolitik maraqların toqquşduğu seysmik zonada, antitəbiət və antiinsani dünya kultunun hakimi - mütləq olduğu bir zamanda, üstəlik Qarabağ kimi problemə az qala utopik və apokalipsis baxışın gücləndiyi bir dönəmdə toparlanıb millətimizin taleyində tarixi bir dönüşə imza atmaq Prezident İlham Əliyevin siyasi səriştə, dövləti təfəkkür və intellekt miqyasında ehtiva etdiyi gücün sözü idi ki, qəfil açılan sillə kimi boz üzlərə çırpıldı. Hər cür süni, qondarma qanun və stereotiplərin, perspektivdən məhrum bəyanatların qarşısına milli müqəddəratın meyarını qoydu. Bütövlüyünü qanı ilə qazanmağa layiq orduya, milli miqyasda düşüncə və təşkilati iş vüsətinə sahib olduğunu dünyanın önünə sərdi. Müstəqillik mentaliteti və statusunu həmişə uca tutub qoruyan Ali Baş Komandan İlham Əliyevin bu gün dünyanın gözü qarşısında nümayiş etdirdiyi “məğrur lider obrazı” isə onun məqsəd və mövqeyinə real-əməli mündəricə qazandıran əsas rəmzlərdən oldu.

Tarixin ibrət dərsi həm də bu oldu ki, biz 28 il cismən uzaq salındığımız Qarabağımızdan ruhən heç ayrılmadığımızı dünyaya bəyan etdik. Düşmən isə oralarda xarabazarlıq yaratmaqla öz müvəqqəti mövcudluqlarına bəlkə də hamıdan çox özlərini inandırmışdı. Heç eşq olan ürəkdə xarabalığa, viranəliyə yer olarmı?! Əsla! Biz Qarabağı ona görə geri ala bildik ki, içimizdəki ilahi eşq, haqqın qələbəsinə inam oralara qayıdış yollarımızı işıqlandırmışdı. Qarabağı bu eşqlə xilas etdik, fəth etdik. Əsgərlərimiz bu eşqə tapındıqlarına görə şəxsiyyət və fərd kimi insanlığa və humanist dəyərlərə xidmətdən bir an belə olsun vaz keçmədilər. Tanrı və əbədiyyət sevgisinə ucalmaq hər müharibə aparan xalqın mükafatı ola bilməyib.

Soljenitsın yazırdı ki, “əgər bir millətin mənəvi qüdrəti tükənibsə, onu heç bir hökumət xilas edə bilməz”. Doğru fikirdir, bütün müharibələri qalib edən xalqın içindəki milli intibah ruhudur. Bu gün az qala yuxu kimi görünən, cəmi 44 günə qazanılan Zəfərimizi göz önünə gətirəndə heyrət etməmək olmur. Əlbəttə, bu misilsiz savaş əzminin səsi tarixin çox-çox sonralarından eşidilib, daha aydın, daha uca vurğu ilə əməl cizgisi kəsb edəcək. Amma bu gün də baş verənləri sağlam zəka və şüur ilə analiz edəndə görmək çətin olmur. Bu müharibə bizə düşüncədə, ovqatda millət kimi qürurlu olmağın bütün səviyyələrini yaşatdı. Biz ölkə, ordu və xalq miqyasında vahid mənəvi məkan yarada bildik. Ötən əsrin 1990-cı illərində ona görə uduzmuşduq ki, Qarabağ savaşını Vətən və xalq müharibəsinə çevirə bilməmişdik. Ali Baş Komandan İlham Əliyevin gücü onda oldu ki, məhz bu amili nəzərə aldı, milləti milli-diplomatik səriştə, peşəkar və ali mənəvi-əxlaqi təməllər üzərində savaş hərəkatına hazırladı.

Məsələnin ümummilli hərəkat kimi sabit, qlobal səciyyəsini axıra qədər ona görə saxlaya bildi ki, siyasi oriyentiri düzgün müəyyənləşdirməklə yanaşı, milli enerji və təlatümün, güclənən emosiyaların hərarətini orduya yönəldə bildi. Ona görə ön cəbhədə düşməni, rəqiblərimizi belə heyrətdə qoyan kütləvi fədailik və şəhidlik hünəri meydana qoyuldu. Müharibəni hərbi texnikadan öncə alt qatdan püskürən milli enerjinin əzəməti uddu.

Bütün xalq Azərbaycan əsgəri ilə bir yola çıxdı. Əsgərimiz o məkanları, heç vaxt o torpaqlarda olmayanlara belə qarış-qarış sevdirdi. Çünki ən əvvəl özünü belə heç vaxt olmadığı, üzünü görmədiyi torpaqlar üçün canını göz qırpmadan fəda etməyə hazır bilmişdi. Bəlkə özünə də maraqlı idi, uşaqlığında yurdundan didərgin salındığı o yurd yerləri indi necədir? Görüb bilmək marağı içindəki qorxu mülkünü çoxdan söküb atmışdı. Bəlkə də 30 il qətrə-qətrə varlığına yığılan, yumruğuna sıxıb saxladığı hirsi, qəzəbi idi, orada, döyüş meydanında qalxan olub düşmənin başına od kimi yağdı. Bu 44 gündə elə bir dərs verdi ki... Qələmi hamının əlindən alıb tarixi başdan yazdı. Təqvimdəki bütün işğalları fəthlə əvəzləyib millətin üzərindəki qara ləkəni yox etdi.

Şuşada ilk azanı da Azərbaycan əsgəri verdi. Ayasofya məscidində uzun fasilədən sonra eşidilən ilk azandan sonra ona cavab sədası Şuşamızdan gəldi. Həm İslamın, həm də türklüyün birgəlik təntənəsi ruh birliyimizin əsası oldu. Yəsəvi demiş, “iman Allahın insana lütfüdür”. Biz vətənin ilahi paklığına iman gətirdik. Bu, həm də dünyaya bəyan edilən türkün gücü idi. Səmaya və zirvəyə can atmaq türkün fitrətində var. Xalq olaraq, məhz bu anda özümüzə döndük. Sükut bəlkə də bu anda pozuldu, yalan, böhtan və haramdan qurulmuş bir sistemi dağıdıb əzəli-əbədi əxlaq səltənətimizə çağırış etdik. Axar sular duruldu, o müqəddəs məkanlar yad izlərin kəsafətindən təmizləndi. Şəhid ruhları dinclik tapdı. Bu gün artıq ayağını yerə möhkəm dayayan, başını göyün yeddinci qatına söykəyib ərazi bütövlüyünü təmin etmiş məğrur, azad Azərbaycan var.

Müharibədə Zəfəri bizə qazandıran böyük amillərdən biri daxili həmrəyliyin baş tutması oldu. Dövlətimizin başçısının müharibənin ilk günlərindən etibarən etdiyi çağırışları, müsahibələrindəki bu məqama etdiyi vurğuları yaxşı xatırlayırıq: “Milli məsələlərdə biz hamımız birləşə bilirik. Bu da bizim gələcəyimiz üçün çox önəmlidir”.

Bu çağırışın təsdiqi uzun sürmədi. Ölkədəki 50 partiya İlham Əliyevin ətrafında sıx birləşdi və bununla vətənin mənəvi haqqını ifadə və təmsil etməyi bacardılar. Bu, çox mühüm üstünlük idi. Birinci Qarabağ savaşında ölkədəki xaotik dalğanın əsas səbəbi daxili həmrəyliyin olmaması, vəzifə, kürsü çəkişmələri idi. Tarixi təkrar etmək ən azı ona görə lazım deyildi ki, artıq Azərbaycanın özü də böyümüş, inkişaf etmiş, fərqli bir düzənə ayaq qoymuşdu. Belə bir halda dövlətin yanında olmamaq, xalqın ən ağır günündə şəxsi maraqların əsiri olaraq qalmaq istənilən partiyaya başucalığı gətirməzdi. Necə ki, bunu “Xalq cəbhəsi” və “Müsavat” partiyası etməklə, ən həlledici məqamda kənarda dayanmaqla həmrəylik mövqeyində “xaric səs” rolunu yerinə yetirdilər. Amma necə deyərlər, istisnalar qaydanı pozmur, dövlətimizin başçısının vurğuladığı kimi nəticə uğurlu idi: “Biz praktiki əməkdaşlığa başlamaq, düşmənçiliyə son qoymaq və ən azı bir-birimizlə danışmağa başlamaq üçün bütün siyasi partiyalara açıq müraciət etdik və iki partiyadan başqa bütün partiyalar, onların 50-si bunu dəstəklədi. Biz siyasi dialoqun ən aktiv fazasındayıq”.

Qeyd edək ki, bu həmrəyliyin və dialoqun baş tutmasında Azərbaycanda aparılan siyasi islahatların, kadr siyasətinin də böyük rolu oldu. Müharibədən az öncə, 2019-cu il dekabrın 5-də Beşinci çağırış Milli Məclisin buraxılması və 2020-ci il fevralın 9-da Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin keçirilməsi bu proseslərin start nöqtəsi idi. Bunu dövlətimizin başçısı İlham Əliyev də VI çağırış Milli Məclisin ilk iclas nitqində vurğulamışdır: “Həm seçkilər, həm də seçkilərdən sonrakı dövr, iqtidar tərəfindən siyasi partiyalara yönəlmiş addımlar - bütün bunlar bizim mövcud siyasətimizin yeni mərhələsini əks etdirir. Bu, bizim islahatçı kursumuzu əks etdirir. Bildiyiniz kimi, islahatların yeni mərhələsi 2018-ci ilin prezident seçkilərindən sonra başlamışdır”.

Ali Baş Komandanın imza atdığı islahatların yeni mərhələsi, həmçinin Azərbaycan Respublikası Prezidenti Administrasiyasının yeni strukturunun təsdiqlənməsi, ilk dəfə olaraq Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin yaradılması faktını da özündə çevrələyir. Siyasi sistemin təkmilləşdirilməsi, partiyalarla müntəzəm əməkdaşlıq qurulması məqsədilə 2019-cu il noyabrın 29-da yaradılan bu şöbə proseslərin sonrakı nizamlı gedişində əsaslı rol oynadı.

Aydındır ki, millilik amilinin özülündə bütün qüvvələrlə milli koalisiya və konsensus lazımdır. Bunu Prezident İlham Əliyevin özü də dəfələrlə səsləndirib: “Hesab edirəm ki, indiki genişmiqyaslı islahatlar dövründə siyasi islahatlar mütləq aparılmalıdır. Siyasi islahatlar partiyalararası geniş dialoq aparılmadan həyata keçirilə bilməz. Bir partiya - hakim partiya təkbaşına siyasi dialoq apara bilməz”.

Bu dialoqun nəticəsi olaraq müharibənin gərgin dönəmində, oktyabrın 3-də Prezident Administrasiyasında “Milli həmrəylik - siyasi dialoqun nəticəsi” adlı videokonfrans formatında keçirilən görüşdə əlli partiyanın rəhbərləri iştirak edərək milli və siyasi həmrəyliyin qorunmasında bir araya gəlməyin modelini meydana qoydular, Azərbaycan Ordusuna və Ali Baş Komandana dəstəklərini ifadə etdilər. Zənnimizcə, qarşılıqlı münasibətlərdə yeni keyfiyyətə keçməyin vaxtı çoxdan çatmışdı, milli əməkdaşlıq strukturuna, bütün siyasi dəyərlərin milli dövriyyəyə daxil olması və vahid mənəvi ortaq məkan yaratmasına ehtiyac vardı. Ortaq məxrəcə adətən, nə etdiyini və edəcəyini özü üçün aydınlaşdırmayan tərəflər gələ bilmir, müəyyənləşmiş milli proqram və konsepsiyalarla hərəkət edən qüvvələr arasında isə ahəng, nizam və vəhdət yaratmaq çətin olmur.

Son iki əsrdə Azərbaycanda gedən suverenlik hərəkatlarının inkişaf trayektoriyası ümummilli amal səviyyəsində deyil, fərdi maraqlar, sosial meyar və məqsədlər çərçivəsində cərəyan edib. Bir əsr öncə yaradılan Azərbaycan Cümhuriyyətinin fəci sonluğu məlumdur. Sonrakı illərdə, kommuna vaxtından başlayaraq, Bakıda baş verən milli qırğınlar bütünləşən deyil, bölünən düşüncənin və şüurun nəticəsi oldu. Bütün dövrlərdə çox ziyalıların təmsil olunduğu partiyalar yarandı, amma ən həlledici məqamda millət və xalq naminə bir yerə cəm olmağı, bir bayraq altına sığınmağı bacarmadılar. Halbuki xalq olmağın sübutu onun vəhdət yaratmaq bacarığı ilə ölçülür. Millətin mənafeyi naminə maraqlar birləşmirsə burda milli intibah ideyaları deyil, intriqa və qütb, təbəqə maraqları meydan sulayır deməkdir. Atatürkün sözüdür: “Milli birliyə nail olmayan milləti başqasına şikar olmaq taleyi gözləyir”.

Siyasətdə milli birlik amalı tarixin sınağından çıxmış ən etibarlı amildir. Rusiya müsəlmanlarının XX yüzilin ilk illərində azərbaycanlı Əlimərdan bəy Topçubaşovun rəhbərliyi ilə “İttifaqi-müslimin” partiyasını yaratması da həmin səbəblə bağlı idi. İdeoloji istiqamət “Dildə birlik, işdə birlik, əməldə birlik” düsturunu irəli sürən İsmayıl bəy Qaspıralıdan gəlirdi. Rusiya müsəlmanlarının milli bağımsızlıq yoluna çıxması məhz bu ideologiyanın tətbiqindən və mənimsənilməsindən sonra mümkün oldu. Bu məqamda tarixi bir faktı qeyd etmək yerinə düşər.

1992-ci ilin mayında Qarabağda Şuşa və Laçının ermənilər tərəfindən işğalından sonra Azərbaycanın ərazi bütövlüyü apokaliptik bir dağıntı ilə üzləşəndə ulu öndər Heydər Əliyev həmin ilin noyabrında Naxçıvanda Yeni Azərbaycan Partiyasını yaratdı. Respublikanın nəinki dövlət müstəqilliyi, eləcə də torpaq bütünlüyü düşmən təcavüzü ilə üzləşəndə Ümummilli Lider insanların müstəqil dövlətçilik ideyası və azərbaycançılıq məfkurəsi ətrafında birləşdirilməsini yaratdığı partiyanın əsas məqsədlərindən biri kimi müəyyənləşdirdi. Faktiki bölünmək təhlükəsi qarşısında qalan Azərbaycan üçün milli birlik düşüncəsinin bundan da gözəl təzahürü ola bilməzdi. Qarabağın yarasına siyasi məlhəmin anonsu Naxçıvandan verilirdi. Bu məfkurənin, milli birlik fəlsəfəsinin qələbəsi üçün, yəni Qarabağa dönüşümüz üçün Azərbaycana 28 il vaxt lazım gəldi. Şuşanın azad edildiyi gün Müzəffər Ali Baş Komandanın “Xoşbəxtəm ki, ata vəsiyyətinə əməl etdim” deməsi də mənəvi baxımdan bu tarixi gerçəkliyin fərəhli nəticəsi ilə bağlı idi. O, Ümummilli Liderin vəsiyyətinə böyük hərbi və iqtisadi proqramların gerçəkləşdirilməsi, ən başlıcası isə xalqı vahid milli məfkurənin ətrafında birləşdirməklə nail olmuşdu. Elə bu səbəbdən də İkinci Qarabağ savaşının ilk günlərindən etibarən Azərbaycanda fəaliyyət göstərən bütün siyasi partiyalar müstəqil dövlətçilik və azərbaycançılıq məfkurəsinin ətrafında birləşdi... Çünki bunsuz Qarabağın işğaldan azad edilməsi mümkün deyildi və 28 il idi ki, Azərbaycanın dövlət müstəqilliyini istəməyən yad qüvvələr Azərbaycanda məhz milli birlik düşüncəsinin reallaşmasına əngəl olmaqdaydılar.

Bəli, biz milli birliyə həm də ona görə nail olduq ki, son otuz ilə yaxın bir dövrdə azərbaycançılıq təlimi gerçəklikdən doğan elmi doktrina, konsepsiya kimi dərinlərə işlədi. Bu ideologiyanın həyata keçməsinə təminat verən əsas amil o oldu ki, bizim istiqlal qanunumuz milli şüur və elmi təlimlə birləşib vəhdət yaratmağa müvəffəq oldu. Milli “mən” axtarışları və özünüdərk məsələləri konsepsiya və əməl gerçəkliyi kəsb etməklə milli birliyin və siyasi sabitliyin qarantına çevrildi. Əslində, sivil, inkişaf etmiş ölkələrin hamısında çoxpartiyalı, plüralist siyasi struktur hakimdir və bu, dövlət mexanizmində xaosa gətirib çıxarmır. Çünki millət birdir və partiyaların çoxluğu qarşıdurma yaratmamalıdır. Bu mənada, xalqımızın milli mübarizə və haqq savaşında dövlətimizin başçısının yanında olmaqla birlik nümayiş etdirən 50 partiyanın əks mövqeyi, ifrat radikallığa varmaq təhlükəli taktiki səhvlərə gətirib çıxara bilərdi. Həmçinin onlarla bağlı ictimai fikirdə neqativ əks-səda doğurardı.

Müharibə dövründə başlayan və günümüzədək davam edən, sərgilənən bu əməkdaşlıq mükəmməl milli təlimin, rəhbər strategiyanın, ali dövlət proqramının gerçəkləşməsi və müntəzəm icrası kimi həyata keçirilməkdədir. Bu günlərdə taleyin bizə yaşatdığı ən şərəfli tarixə şahidlik edərkən nümayiş olunan daha bir birlik əzminə qürurlanmaya bilmədik. Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin imzalanması ilə əlaqədar bəyanat yaydılar və həmin bəyanatla inteqrasiya nöqtələrini tapmağa imkan verən mənəvi ərazi və siyasi məkanın sahələrini daha da genişləndirdilər: “Biz - Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar Azərbaycanın və bütövlükdə türk dünyasının qədim mədəniyyət beşiyi olan Şuşa şəhərində Azərbaycan və Türkiyə arasında imzalanmış Şuşa Bəyannaməsini ölkələrimizin keyfiyyət baxımından yeni əlaqələrinin inkişafı və hər iki ölkənin gələcək birgə fəaliyyətinin vacib əsası hesab edir və bu yüksək strateji müttəfiqlikdə dövlətimizin yanında olduğumuzu bəyan edirik. Yaşasın Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı!”.

Yenə də iki partiya kənarda qaldı. Görünür, Qərbpərəst mövqenin təmsilçisi olmaq, əsirinə çevrildikləri zahiri Avropa maraqları, yaxud milli hərəkata inamsızlıqlarından doğan, aşa bilmədikləri psixoloji maneələri ən həlledici məqamda belə onlara bir araya gəlmək imkanı qazandırmır. Halbuki “Xalq cəbhəsi” xalq anlayışına daxil olan bütün qütbləri birləşdirən mərkəz rolunu oynamalı idi. Milli tərəqqidə daxili müxalifət rolu icra etmək, müqavimət potensialına çevrilmək bu partiyanın özünə olan etibarlılığa zərbədir. Əlbəttə, Türkiyə ilə Azərbaycanın bu müqtədir birliyi meydanda ikən belə “mərkəzdənqaçma tendensiyaları” artıq heç bir maraq kəsb etmir və əhəmiyyətini itirir. Necə ki, düşmən üzərində böyük Qələbəmizi qazanmaq üçün “Dəmir yumruq” siyasətinin gücü və böyük çoxluğun bir hədəfə köklənməsi kifayət etdi.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

SOMDA müddətdən artıq həqiqi hərbi xidmətə qəbulla əlaqədar müsabiqə elan edir

Azərbaycan klubu braziliyalı voleybolçunu heyətinə qatıb

Həsrətdən qayıdışa: 33 ildən sonra doğma kəndd yenidən başlayan həyat

Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir YENİLƏNƏCƏK

Fransa yeni gəlir mənbələri olmadan Aİ-nin gələcək büdcəsini dəstəkləməyəcək

AMB: Altı ayda maliyyə sektorunun aktivləri 65 milyard manata çatıb

Rusiya İranda Rəşt-Astara dəmir yolu xəttinin tikintisinə başlamağı planlaşdırır

bp-nin nümayəndəsi: İnklüzivlik yalnız sosial məsuliyyət deyil, həm də bizim dəyərimizdir

Azərbaycan Yaponiyanın məşhur “VIVANT” serialının ikinci mövsümündə geniş təqdim olunacaq

AMEA-nın müxbir üzvü: Şəhərlərin inkişafında ekoloji tarazlığın qorunması vacibdir

Qazaxıstanda “New Silk Way” beynəlxalq nəqliyyat-logistika forumu keçirilir

Aqrar Süni İntellekt layihəsi çərçivəsində həllərin tətbiqi genişləndiriləcək

"AzerGold" QSC-nin nümayəndəsi: Əsas məqsəd peşəkar inkişaf üçün yararlı imkanların təmin edilməsidir

Balakəndə səyyar tibbi aksiya çərçivəsində 574 nəfərə ödənişsiz xidmət göstərilib

ÜST: Qurğuşunun mənfi təsirindən hər il 3,5 milyondan çox insan dünyasını dəyişir

Qara dənizdə tankerdə baş verən yanğın nəticəsində 8 nəfər itkin düşüb

Azərbaycan dünya çempionatında 9 boksçu ilə təmsil olunacaq

Danimarka millisinin sabiq baş məşqçisi vəfat edib

Keniyada Ebola virusuna ikinci yoluxma halı qeydə alınıb

MDB Məşvərət Şurasının 39-cu iclasının iştirakçıları Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər

Ekoloji təhlükəsiz şəhərlər üçün innovativ həllər: Beynəlxalq elmi simpozium

Nazir müavini: Aqrar Süni İntellekt layihəsi çərçivəsində 313 min fermerin reytinqi qiymətləndirilib

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 40 nəfər saxlanılıb

“Qarabağ” – “Neftçi” matçı FIFA referisinə tapşırılıb

AQEM çərçivəsində Azərbaycanın artan rolu: Bağlantılar, rəqəmsallaşma və dayanıqlı inkişaf – TƏHLİL

Pakistanda məktəbin damının çökməsi nəticəsində 19 nəfər həlak olub

Strateji hədəflər, milli maraqlar və ictimai məsuliyyət – Yevlaxda müşavirə

Beynəlxalq Muğam Mərkəzində konsert: 95 illik sənət yolu, bir orkestrin musiqi yaddaşı

İcraçı direktor: İnklüzivliyi bərabər imkan kimi qiymətləndiririk

AzTU-nun müəllimi Macarıstan universitetində tələbələrə mühazirə oxuyub

Azərbaycan Universitetinin 16 tələbəsi PTE sertifikatı əldə edib

Kristalina Georgiyeva: Səudiyyə Ərəbistanına hücumlar bütün dünyaya mənfi təsir göstərə bilər

Azərbaycanda suvarmanın idarə edilməsində rəqəmsal imkanlar genişləndirilir

Yenilənməyəcəyi təqdirdə Luvr muzeyi bağlanmaq təhlükəsi ilə üzləşə bilər

İlhamə Qədimova: Aqrar Süni İntellekt layihəsində bitki sağlamlığı üzrə yeni həllər tətbiq edilir

Baş direktor: Autizmli şəxslərə və onların ailələrinə anlayışla yanaşmaq hər birimizin məsuliyyətidir

Nazir müavini: Aqrar Süni İntellekt layihəsi çərçivəsində 24 həll üzrə hazırlıq işləri başa çatıb

ADAU-da əcnəbi tələbələrə hüquq və vəzifələri barədə məlumat verilib

Çempionlar Liqasında məhsuldarlıq rekordu yenilənib

Kənd Təsərrüfatı Nazirliyi 33 süni intellekt və rəqəmsal həll hazırlayacaq

® “İrşad”da “Yaşıl Cümə” günləri başlayır: 10 günlük xüsusi endirimlər və sərfəli təkliflər VİDEO

® “İrşad”da “Yaşıl Cümə” günləri başlayır: 10 günlük xüsusi endirimlər və sərfəli təkliflər VİDEO

BSU-nun rektoru: İnklüziv təhsil gənclərimiz üçün imkanların yaranması baxımından mühüm əhəmiyyət daşıyır

Yəmən hökuməti Taiz şəhərindəki mühasirənin aradan qaldırılması üçün BMT-yə çağırış edib

AGMA: Məktəblərdə vahid geyim qaydalarına riayət olunması vacibdir

Azərbaycan Astanada keçirilən qadın aqrar biznesinin inkişafı üzrə beynəlxalq seminarda təmsil olunur

Şri-Lankada hər il orta hesabla 138 nəfər fillərin hücumu nəticəsində həyatını itirir

Qızıl və gümüş bahalaşıb VİDEO

Qızıl və gümüş bahalaşıb VİDEO

İtaliya Silahlı Qüvvələrinin hərbi qulluqçuları Azərbaycana səfər ediblər

Regional Turizm Şuralarının iclasları təşkil olunub

Azərbaycanın qadın güləşçisi U-23 dünya çempionatının finalına yüksəlib

Xəzər İnşaat Həftəsinin ikinci günü: Qarabağın inkişafında gənclərin iştirakı diqqət mərkəzində

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Türkiyə klubları avrokuboklarda növbəti oyunlarına çıxacaq

Azərbaycan avarçəkənləri beynəlxalq yarışda 4 medal qazanıblar

Dünya birjalarında neft ucuzlaşıb VİDEO

Dünya birjalarında neft ucuzlaşıb VİDEO

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

Aytən Eynalova: İnklüziv məşğulluq hamımızın ortaq məsuliyyətidir

ABŞ İrana kəşfiyyat məlumatları ötürən gəmini vurduğunu açıqlayıb

Çexiya ilə nəqliyyat və logistika sahəsində əməkdaşlığın genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb

Çempionlar Liqasında tarixi hesab qeydə alınıb

Qobustanda müşavirə: YAP-ın VIII Qurultayının qərarları və qarşıda duran hədəflər

Almaniyada uşaqların sosial şəbəkələrdən istifadəsinə yaş məhdudiyyətinin tətbiqi planlaşdırılır

“Mən "qospodin Vekilov" yox, Səməd Vurğunam”... - bir mübarizənin tarixçəsi

Azərbaycanla Çin arasında strateji tərəfdaşlığın inkişafı müzakirə olunub

ETSN: Bakı və Abşeronda tozun miqdarı normadan 2.2 dəfə çoxdur

Türkmənistan Prezidenti Azərbaycana səfərə gəlib

Bakının bir çox yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Müasir Azərbaycanın inkişaf salnaməsi: Güclü dövlət, tarixi Zəfər və davamlı tərəqqi

Təmir işləri ilə əlaqədar bəzi ərazilərdə işıq olmayacaq

Çin kosmosa lazer rabitəli 10 peyk buraxıb VİDEO

Çin kosmosa lazer rabitəli 10 peyk buraxıb VİDEO

Böyük Britaniya Çernobıl AES-in təmiri üçün 22,5 milyon vəsait ayırıb

İndoneziyada turist gəmisi batıb: 23 yaşlı təlimatçı itkin düşüb

ABŞ Ordusu Latın Amerikasında narkotik qaçaqmalçılığına qarşı təlimlərə başlayır

Almaniyanın keçmiş kansleri ölkəsinin rəqəmsallaşmada geridə qaldığını etiraf edib

NASA: ABŞ və Kanada astronavtları günəş panelləri quraşdırmaq üçün kosmosa gedəcəklər

Şimali Koreya dənizdə yeni strateji raketlərini sınaqdan çıxarıb

Albaniyada baş verən iğtişaşlarda 29 nəfər yaralanıb

Donald Tramp: Məxfi məlumatları sızdıranlar ya həbs olunmalı, ya da güllələnməlidir

Əlverişsiz hava şəraitinə görə 40-dan çox təyyarə İstanbula enə bilmədi

Fransada təhsil böhranı: 200-dən çox lisey bağlanıb, minlərlə saxlanılan var

Tramp: Kanada ABŞ-nin 51-ci ştatına çevriləcək

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub VİDEO

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub VİDEO

Çempionlar Liqası: "Fənərbağça" darmadağın olub, PSJ və "Real Madrid" qələbə qazanıb

Azərbaycan Respublikası Media və Yayım Şurasının və Səhiyyə Nazirliyinin birgə açıqlaması

Çində dinozavra bənzəyən qədim quş qalıqları tapılıb

“Politico”: Ukrayna ilə dəniz ticarəti aparan investorlar risklərlə üzləşirlər

Saloniki limanında qaçaqmalçılıq: 24 qutu silah müsadirə edildi

Danimarka Almaniya ilə sərhəddə nəzarət tədbirlərini 2027-ci ilin mayınadək uzadıb

Xalq artisti: Hər obraz aktyordan yeni bir dünya yaratmağı tələb edir

Xalq artisti Nurəddin Mehdixanlının 70 illik yubileyi qeyd olunub

Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib VİDEO

Cəlilabadda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr diqqətə çatdırılıb

Müstəqilliyin möhkəmləndirilməsi və insan kapitalı: Babək rayonunda müşavirə

Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb VİDEO

Milli birlik, güclü dövlətçilik və məqsədyönlü inkişaf Azərbaycanın gələcək uğurlarının təməlidir

Strateji hədəflər və milli maraqlar – Oğuzdakı müşavirədən qeydlər

Beynəlxalq Muğam Mərkəzində konsert: Alətlərin hekayəsi – Tar nə deyir?

Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb  YENİLƏNİB VİDEO

Strateji inkişaf, ideoloji təhlükəsizlik və investisiya layihələri – Naxçıvanda müşavirə

İspaniyada macar qapıçı silahlı basqına məruz qalıb