Bütün terror aktları motivindən asılı olmayaraq qəbuledilməzdir və ağır cinayət kimi pislənilməlidir
Bakı, 2 oktyabr, AZƏRTAC
Bütün terror aktları motivindən asılı olmayaraq qəbuledilməzdir, ağır cinayət sayılır, qınanmalı və mühakimə olunmalıdır.
AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin xarici işlər nazirlərinin illik əlaqələndirici görüşündəki çıxışında deyib.
Nazir hazırda İƏT-ə üzv bir sıra ölkələrdə baş verən dəyişikliklərin, onların təhlükəsizliklə bağlı üzləşdiyi təhdid və problemlərin, həmçinin bəzi üzv ölkələrdə pisləşən humanitar vəziyyətin dərin narahatlıq mənbəyi olaraq qaldığını söyləyib. O bildirib ki, bu təhdid və problemlər, xüsusilə üzv dövlətlərin suverenliyi, siyasi müstəqilliyi və ərazi bütövlüyü ilə bağlı olanlar İƏT çərçivəsində həmrəyliyin artırılmasını tələb edir. Yalnız prinsiplərimizə ciddi sadiq qalmaqla və siyasi yekdilliyi əldə tutmaqla biz davamlı sülh, təhlükəsizlik və İslam dünyasının rifahı naminə mühüm qərarların qəbul olunduğu və həyata keçirildiyi qurum kimi İƏT-in təsisatlandırılmasına nail ola bilərik.
Qeyd edilib ki, Ermənistan və Azərbaycan arasında münaqişənin baş verməsindən sonra İƏT BMT Təhlükəsizlik Şurasının müvafiq qərarlarına əsaslanaraq, Ermənistanın Azərbaycan ərazilərinə qarşı hərəkətlərinin təcavüz olduğunu açıq-aşkar elan edib, Azərbaycan əleyhinə güc tətbiqini və ərazilərimizin işğalını mümkün olan ən qəti ifadələrlə pisləyib. Nazir xalqımız və ilk növbədə qaçqın və məcburi köçkünlərin adından İƏT-ə üzv dövlətlərə həmin məsələdə Azərbaycana göstərdikləri dəstək və həmrəyliyə görə təşəkkürünü bildirib.
Diqqətə çatdırılıb ki, keçən bir neçə ay ərzində Bəhreyn, Kamerun, Misir, Küveyt, Nigeriya, Türkiyə və Yəməndə törədilmiş terror aktları bir daha terrorizm əleyhinə mübarizənin ön cəbhəsində olan ölkələr və xalqlar ilə güclü həmrəyliyə, eləcə də gücləndirilmiş beynəlxalq əməkdaşlığa, bu bəlanı aradan qaldırmaq üçün individual və kollektiv səylərə ehtiyacın olduğunu nümayiş etdirib.
Xarici siyasət idarəsinin rəhbəri Azərbaycanın zorakı ekstremizm və terrorizmin bütün təzahür və formalarını qəti şəkildə qınadığını söyləyərək deyib: “Bütün terror aktları motivindən asılı olmayaraq qəbuledilməzdir, ağır cinayət sayılır, qınanmalı və mühakimə olunmalıdır. Eyni zamanda, terrorizmlə müharibə hər hansı bir dini və ya mədəniyyəti hədəf almaq üçün istifadə oluna bilməz və olunmamalıdır. Bu prinsip hər bir terrorizm əleyhinə strategiyanın bir hissəsi olmalıdır. Biz bir daha islamofobiyanın həyəcan təbili çalacaq formada artması ilə bağlı dərin narahatlığımızı bildiririk. İslama qarşı bütün hücumları qəti qınayırıq və onlara ifadə azadlığı bəhanəsi altında hər hansı bir bəraət qazandırmaq cəhdlərini rədd edirik. İslam və müsəlmanlara qarşı nifrət aşılayan səhv, mənfi rəylərin yaranmasını dayandırmaq üçün səylərimizin daha da gücləndirilməsi tələb olunur”.
E.Məmmədyarov Azərbaycanın İƏT-in proqramlarını və təşəbbüslərini dəstəklədiyini, təşkilatın Onillik Fəaliyyət Proqramı və onun əsasında nəzərdə tutulmuş müvafiq tədbirlərin həyata keçirilməsinə xüsusi əhəmiyyət verdiyini vurğulayaraq bildirib: “Bu xüsusda, biz gələn onillik ərzində həyata keçiriləcək yol xəritəsi ilə bizi təmin edəcək “İƏT-2025: Fəaliyyət Proqramı”nın ən qısa müddətdə qəbul olunmasını səbirsizliklə gözləyirik”.