Buxarestdə 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbir keçirilmişdir
Bakı, 31 mart (AZƏRTAC). Azərbaycanın Rumıniyadakı səfirliyinin təşəbbüsü ilə 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı geniş tədbir keçirilmişdir.
Səfirlikdən AZƏRTAC-a bildirmişlər ki, tədbirdə Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyinin, Rumıniya-Azərbaycan Dostluq Cəmiyyətinin, Azərbaycan-Rumıniya Mədəniyyət və Gənclər Assosiasiyasının, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Rumıniyadakı nümayəndəliyinin rəhbərləri, bu ölkədə yaşayan azərbaycanlılar və KİV təmsilçiləri iştirak etmişlər.
Tədbir iştirakçılarına soyqırımının tarixi, xüsusi olaraq, 1905-1907-ci illərdə ermənilər tərəfindən Bakı, Şuşa, Zəngəzur, İrəvan, Naxçıvan, Ordubad, Qazax və başqa ərazilərdə törədilmiş vəhşiliklər haqqında ətraflı məlumat verilmişdir. 275 kəndin dağıdılması, ermənilər tərəfindən Bakı, Şamaxı, Quba, Muğan və Lənkəranda 50 min azərbaycanlının öldürülməsi, on minlərlə insanın evlərindən didərgin düşməsi qeyd olunmuşdur.
Bildirilmişdir ki, Qubada 122, Dağlıq Qarabağda 150, Zəngəzurda 115, İrəvan quberniyasında 211 və Qars vilayətində 92 kənd dağıdılmışdır.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı baş vermiş faciələr, soyqırımının Ermənistanın separatçılıq, terrorçuluq siyasətinin tərkib hissəsi olduğu barədə konkret faktlar iştirakçıların diqqətinə çatdırılmışdır.
Qeyd olunmuşdur ki, ümummilli lider Heydər Əliyevin 1998-ci il 26 mart tarixli Fərmanı ilə 31 mart - Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunması böyük tarixi əhəmiyyətə malikdir.
Soyqırımı ilə bağlı səfirlik tərəfindən hazırlanmış məlumatlar Rumıniyanın dövlət qurumlarına, qeyri-hökumət təşkilatlarına və bu ölkədə akkreditə olunmuş diplomatik nümayəndəliklərinə göndərilmişdir.