C. Cabbarlı adına Respublika Gənclər Kitabxanasında “Həsrət göz yaşlarımı axtarır” kitabının təqdimatı keçirilmişdir
Bakı, 7 may (AZƏRTAC). Mayın 6-da C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Qafqaz Media İctimai Birliyinin (QM İB) təşkilatçılığı ilə Tamara Nahidin “Həsrət göz yaşlarımı axtarır” kitabının təqdimatı keçirilmişdir.
QM İB-nin sədri Azadə Hüseynova T.Nahidin həyat və yaradıcılığı haqqında məlimat vermişdir.
Tamara Nahid 1986-cı ildə Qubadlı rayonunda anadan olmuşdur. Doğma yurdu ermənilər tərəfindən işğal olunduqdan sonra ailəsi Mingəçevirə pənah gətirmişdir. Tamara Mingəçevirdə orta məktəbi, Bakıda isə Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsini bitirmişdir. Əmək fəaliyyətinə “Mingəçevir işıqları” qəzetində ədəbi işçi kimi başlayan T.Nahid hazırda qəzetin redaktorudur.
Kitabxananın müdiri Tahir Sadıqov, şair Nailə Yusifova, yazıçı-publisist Lalə Quliyeva və başqaları bildirmişlər ki, müəllifin vətənpərvərlik mövzusunda yazdığı əsərlərində nigaran, narahat bir qələm adamının ürəyinin döyüntüləri duyulur. O, “Sənli sənsiz illərimin acısı”, “Mənim də ayrılıq oldu qismətim”, “Vətən”, “Vətənimin nisgili” şeirlərində Vətən, ana, torpaq həsrətindən, xalqımızın 20 ildən bəri zorla sürükləndiyi ədələtsiz müharibədən, didərgin salındığı doğma Qubadlısından söhbət açır.
İnsanı lirik ovqata kökləyən, kövrək duyğular oyadan, yaşamağa inam hissi aşılayan kitabın redaktoru və ön sözün müəllifi Azadə Abbasqızıdır.
Sonda müəllif tədbirin təşkilatşılarına və iştirakçılarına minnətdarlığını bildirmiş, yeni şeirlərini oxumuşdur.