ELM VƏ TƏHSİL
“Canlı kainat - planetlərdən qalaktikalara” mövzusunda beynəlxalq konfrans başa çatıb
Bakı, 26 sentyabr, AZƏRTAC
Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının 65 illik yubileyinə həsr olunan “Canlı kainat - planetlərdən qalaktikalara” adlı II beynəlxalq konfrans öz işini başa çatdırıb.
Rəsədxanadan AZƏRTAC-a bildirilib ki, dörd gün davam edən tədbirin ilk iki günü Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında baş tutub. Elmi sessiyalarda həm ölkəmizin, həm də dünyanın nüfuzlu elmi mərkəzlərinin astronom alimlərinin məruzələri dinlənilib, aktual mövzular ətrafında fikir mübadiləsi aparılıb.
Konfransın üçüncü günündə N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası və Polşanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə Nikolay Kopernikin anadan olmasının 550 illiyinə həsr edilən tədbir keçirilib, alimin elmi fəaliyyətini əks etdirən sərgi təşkil olunub. Polşanın Azərbaycandakı müvəqqəti işlər vəkili Mixal Qreçilo sərginin açılışındakı çıxışı zamanı astronomiya sahəsində zəngin elmi irsə malik iki ölkənin - Azərbaycan və Polşanın elmin populyarlaşdırılması istiqamətində səmərəli fəaliyyətindən danışıb. Bildirib ki, bu istiqamətdə əməkdaşlıq, elmin təbliği və təşviqi bundan sonra da prioritet istiqamət olaraq qalacaq.
Hibrid formatda təşkil olunmuş konfransın son günündə ABŞ, Almaniya, Fransa, Türkiyə, İsrail, İtaliya, Rusiya, Polşa, Özbəkistan, Qazaxıstan, Çexiya, Ukrayna, Pakistan, İran və digər ölkələrdən alim və mütəxəssislər məruzələrlə çıxış ediblər.
Beynəlxalq konfransda ümumilikdə 54 elmi məruzə dinlənilib. Bu məruzələrin konfransın yekun nəticələrinin ilin sonunadək ingilis dilində nəşr olunacaq “Azərbaycan Astronomiya Jurnalı”nda dərc edilməsi planlaşdırılır. NASA ADS verilənlər bazasında yerləşən bu jurnalda dərc olunmuş məqalələr DOI indeksi ilə təmin olunur.
Dünyanın aparıcı elmi müəssisələrinin alim və mütəxəssislərinin bir araya gəldiyi bu beynəlxalq konfrans müasir astrofizika elminə dair bilik və təcrübə mübadiləsinin aparılması, birgə layihələrin həyata keçirilməsi üçün əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, həmçinin perspektivlərin müəyyənləşməsi baxımından böyük əhəmiyyətə malikdir.