CƏMİYYƏT
Cao Zejun: “Qarabağ”ın qələbəsi bizi “Huawei Tərəfdaşlıq Kuboku-2017”ni reallaşdırmağa ruhlandırdı VİDEO
Bakı, 30 avqust, Pərvanə Rəhimova, AZƏRTAC
“Huawei Azərbaycan” şirkəti öz tərəfdaşları ilə münasibətləri daha da genişləndirmək məqsədilə “Huawei Tərəfdaşlıq Kuboku-2017” layihəsini həyata keçirmək qərarına gəlib. Bizi bu layihəni reallaşdırmağa ruhlandıran Azərbaycanın “Qarabağ” klubunun UEFA Çempionlar Liqasının qrup mərhələsinə yüksəlməsi oldu. Biz də bu layihə ilə onu dəstəkləmək istəyirik.
Bu fikirləri AZƏRTAC-a məxsusi müsahibəsində “Huawei Azərbaycan” şirkətinin baş icraçı direktoru Cao Zejun söyləyib. O, şirkətin keçən il reallaşdırdığı “Gözəl Azərbaycan” layihəsində AZƏRTAC-ın informasiya dəstəyinin mühüm rolunu vurğulayaraq agentliyin rəhbərliyinə və əməkdaşlarına təşəkkürünü bildirib.
“Huawei” əməkdaşlarının futbola olan böyük marağını qeyd edən baş icraçı direktor diqqətə çatdırıb ki, dünya futbolunun ulduzu - İspaniyanın “Barselona” klubunda çıxış edən Lionel Messi şirkətin reklam siması oldu. Şirkət gələcəkdə bu istiqamətdə bir sıra layihələr həyata keçirməyi planlaşdırır.
Cao Zejun onu da qeyd edib ki, “Huawei” şirkəti korporativ sosial məsuliyyətə daha çox fikir verir, o cümlədən tərəfdaş ölkələrdə IT sahəsində gənc istedadları üzə çıxarmaqda maraqlıdır. O vurğulayıb ki, Azərbaycan hökuməti informasiya və kommunikasiya texnologiyalarının inkişafına böyük diqqət ayırır və bu prosesdə “Huawei” böyük rol oynayır.
“Hesab edirik ki, “Huawei Azərbaycan” şirkətinin öz tərəfdaşları ilə mini-futbol turniri tərəfdaşlıq əlaqələrinin inkişafına xidmət edəcək, habelə dostluq və qarşılıqlı anlaşma körpüsünü yaradacaq ki, bu də gələcəkdə uğurlu əməkdaşlıq üçün zəmin olacaq. Düşünürəm ki, bu turnir maraqlı, şən məqamları ilə layihə iştirakçılarının yaddaşında qalacaq”, - deyə Cao Zejun əlavə edib.