CAREC-İN FƏALİYYƏT PLANI QƏBUL EDİLMİŞDİR
Tədbirdə Proqramın 8 üzv ölkəsinin - Azərbaycan, Çin, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Tacikistan, Özbəkistan və Əfqanıstanın nümayəndələri iştirak etmişlər. Ölkəmiz tədbirdə İqtisadi İnkişaf Nazirliyi Aparatının rəhbəri Samir Vəliyevin başçılıq etdiyi və Nəqliyyat, Sənaye və Energetika nazirliklərinin, Dövlət Gömrük Komitəsi əməkdaşlarının daxil olduğu nümayəndə heyəti ilə təmsil olunmuşdur.
Nazirlər Konfransında “Mərkəzi Asiyada Regional İqtisadi Əməkdaşlıq” Proqramının gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi məqsədi ilə 2006-2008-ci illəri əhatə edən Ümumi Fəaliyyət Planı müzakirə olunmuşdur. Bu Plan CAREC-in strateji siyasətini formalaşdırır, gələcək fəaliyyət prinsiplərini müəyyənləşdirir, beynəlxalq maliyyə institutları tərəfindən maliyyələşdiriləcək layihələrin siyahısını və digər məsələləri əks etdirir.
Tədbirdə Fəaliyyət Planı ilə bağlı fikirlər söylənilmiş, təkliflər irəli sürülmüşdür.
Müzakirələrdən sonra Ümumi Fəaliyyət Planı qəbul edilmişdir.
Tədbirin sonunda Nazirlər Konfransının iştirakçıları “Mərkəzi Asiyada Regional İqtisadi Əməkdaşlıq” Proqramının 2007-ci il ərzində fəaliyyət prinsiplərini müəyyən edən Urumçi Bəyannaməsini qəbul etmişlər.