Müstəqillikdən suverenliyə uzanan dövlətçilik salnaməsi - ADAU-da tədbir
Gəncə, 17 oktyabr, AZƏRTAC
Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Aqrar İqtisadiyyat fakültəsində 18 Oktyabr - Müstəqilliyin Bərpası Gününün 35-ci ildönümünə həsr olunan “Müstəqilliyimiz əbədidir, dönməzdir, sarsılmazdır” mövzusunda elmi-nəzəri konfrans keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Universitetin prorektoru Əhməd Məlikov iştirakçıları Müstəqilliyin Bərpası Gününün 35-ci ildönümü münasibətilə təbrik edib. O, dövlət müstəqilliyinin bərpasının Azərbaycan xalqının tarixində mühüm hadisə olduğunu vurğulayaraq, müstəqilliyin qorunması və möhkəmləndirilməsində Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətlərindən bəhs edib.
Daha sonra ADAU-nun İctimai fənlər kafedrasının müdiri Elgün Aslanov “Müstəqillikdən suverenliyə uzanan dövlətçilik salnaməsi”, İctimai fənlər kafedrasının dosenti Çinarə Səfərova “Müstəqil Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir”, Mühəndislik fakültəsinin tələbəsi Nuranə Məmmədova isə “Müstəqil Azərbaycan Respublikası gənclərin gözü ilə” mövzularında məruzələrlə çıxış ediblər.
Sonda Müstəqilliyin Bərpası Gününə həsr olunan videoçarx nümayiş etdirilib.
Müxbir - Elcan Məmmədov