DÜNYA
Cari ilin dörd ayında Ermənistanda 12 000 nəfər iş yerini itirib
Tbilisi, 3 iyun, AZƏRTAC
Cari ilin yanvar-aprel ayları ərzində Ermənistanda 12 minə yaxın insan iş yerini itirib. Hazırda ölkədə böyük bir işsizlər ordusu yaranıb. Bütün bunlar koronavirus pandemiyasının Ermənistan iqtisadiyyatına mənfi təsirinin nəticəsində yaranıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Ermənistanın dövlət gəlirləri komitəsi sədrinin müavini Artur Manukyan keçirdiyi onlayn brifinqdə məlumat verib.
“Dörd ay ərzində 12 min insan işdən çıxarılıb, yəni bu qədər iş yeri ixtisara düşüb”, - deyə Manukyan vurğulayıb.
Onun sözlərinə görə, karantin dövründə işəgötürənlər işçiləri işdə saxlasa da onlara əmək haqlarını ödəmir. Bu isə işsizlik sayını daha da artırır.
Qeyd edək ki, Ermənistanda koronavirusun yayılmasının qarşısının alınması məqsədilə martın 16-dan fövqəladə vəziyyət elan olunub və bu vəziyyət iyunun 13-dək davam edəcək.
İyunun 3-nə olan məlumatlara görə, Ermənistanda 10524 nəfərdə koronavirus aşkar edilib.
Onlardan 3454-ü sağalıb, 170-i isə ölüb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi