“CASPİAN FİSH CO. AZERBAİJAN” 80 ADDA YÜKSƏK KEYFİYYƏTLİ MƏHSUL BURAXIR
AZƏRTAC xəbər verir ki, İsveçrə Konfederasiyasının Prezidenti Paskal Kuşpen ölkəmizə rəsmi səfəri çərçivəsində mayın 11-də Bakı ətrafındakı Xırdalan şəhərində “Caspian Fish Co. Azerbaijan” şirkətində olmuşdur.
Ali qonağa məlumat verildi ki, 80 adda yüksək keyfiyyətli, ekoloji cəhətdən təmiz məhsullar buraxan müəssisə 2001-ci ildə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin iştirakı ilə işə salınmışdır. Bu özəl müəssisənin yaradılmasına 56 milyon ABŞ dolları məbləğində sərmayə qoyulmuşdur.
Şirkətin yüksək ixtisaslı kadrları, müasir avadanlığı var. 1000 nəfərə yaxın işçidən 750-si balıq ovu ilə məşğuldur. Gündə 300 tona qədər balıq emal etmək imkanına malik olan müəssisənin Xəzər regionunda bənzəri yoxdur. Burada məhsul istehsalında Rusiya və Norveçdən, Atlantik və Sakit okean ölkələrindən idxal edilən xammaldan da istifadə olunur. Müəssisənin məhsullarının xeyli hissəsi xarici bazarlara göndərilir.
Prezident Paskal Kuşpen balıq emalı və duzlama, qara kürü istehsalı sexləri ilə tanış oldu, məhsulların dadına baxdı.
İsveçrə rəhbəri müəssisənin Fəxri qonaqlar kitabına ürək sözlərini yazdı, səfərdə onu müşayiət edən İsveçrə jurnalistlərinə müsahibə verdi.
Ali qonağa xatirə hədiyyələri təqdim olundu.
######
![]() |
![]() |
![]() |


