Cavid Hüseynov: Peşəkar kadrların seçimi intensiv məhkəmə islahatlarının nəticəsidir
Bakı, 21 dekabr, AZƏRTAC
Ölkəmizdə intensiv məhkəmə islahatları aparılır. Bu islahatların ən vacib amillərindən biri də peşəkar kadrların seçilməsi məsələsidir.
AZƏRTAC xəbər verir ki, bunu Məhkəmə-Hüquq Şurası Aparatının rəhbəri Cavid Hüseynov Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin dekabrın 21-də keçirilən iclasında söyləyib.
C.Hüseynov diqqətə çatdırıb ki, ölkə rəhbərinin Fərmanı əsasında məhkəmə orqanlarında ştatların sayı artırılıb. Bununla bağlı 83 nəfər barəsində təyinat aparılıb və artıq 40 nəfər təyinat ərəfəsindədir. “Sevindirici haldır ki, bunlardan 50 faizini qadınlar təşkil edir. Seçim təyinatında əsasən 35 yaşa qədər hakimlər iştirak edirlər”, - deyə o qeyd edib.
Mövcud hakim korpusunun yeniləndirilməsi prosesinin gündəmdə olduğunu bildirən Məhkəmə-Hüquq Şurası Aparatının rəhbəri son 2 ildə 300-dən artıq hakimin fəaliyyətinin qiymətləndirildiyini diqqətə çatdırıb.
C.Hüseynov onu da bildirib ki, Bakı Apellyasiya Məhkəməsinin tərkibi yenilənib və son 3 ildə 60 hakim cəlb edilib.