Ceff Bezosun varidatı “Bloomberg” reytinqində yeni rekord müəyyənləşdirib
Bakı, 7 iyul, AZƏRTAC
Amerikanın “Amazon” korporasiyasının qurucusu Ceff Bezos sərvətini 211 milyard dollara çatdıraraq “Bloomberg” reytinqində yeni rekord müəyyən edib.
AZƏRTAC xəbər verir ki, “Bloomberg” agentliyinin hesablamalarına görə, iyulun 6-da keçirilən hərracların yekununda Ceff Bezosun varidatının ümumi həcmi 8,44 milyard dollar artaraq 211 milyard dollara çatıb. Bu, indiyə qədər həmin reytinqə daxil olan biznesmenlər üçün rekord göstəricidir.
Öncəki maksimum “Tesla” və “SpaceX” kompaniyalarının rəhbəri İlon Maskın sərvətinin 210 milyard dollara çatdığı yanvar ayında qeydə alınmışdı. Hazırda İlon Maskın varidatı təxminən 181 milyard dollar həcmində qiymətləndirilir.
İyulun 5-də Ceff Bezosun “Amazon” korporasiyasının Baş direktoru vəzifəsini tərk etdiyi və onun yerinə “Amazon Web Services” bulud xidmətinə rəhbərlik edən Endi Cessinin gəldiyi barədə məlumat yayılıb.
Ceff Bezos hazırda “Bloomberg” agentliyinin dünyanın ən varlı insanları reytinqinə başçılıq edir. İlon Mask siyahıda ikinci yerdədir. Reytinqin üçüncü pilləsində qərarlaşan LVMH (Louis Vuitton Moet Hennessy) kompaniyalar qrupunun Prezidenti Bernar Arnonun varidatı 169 milyard dollar həcmində qiymətləndirilir.
“Amazon” rəhbərinin aktivlərinin bahalaşması mart ayının ortalarından bəri kompaniyanın səhmlərinin dəyərinin təxminən 20 faiz artması ilə əlaqədardır. “Bloomberg” agentliyinin məlumatına görə, investorlar iyulun 6-da ABŞ Müdafiə Nazirliyinin bulud hesablama xidmətlərinin göstərilməsinə dair 10 milyard dollarlıq müqaviləni ləğv etməsi ilə bağlı xəbərləri kompaniya üçün müsbət hesab ediblər. Əvvəllər onun “Microsoft” korporasiyasına təqdim edilməsi gözlənilirdi. “Amazon” isə öz növbəsində məhkəməyə müraciət edərək bu qərarı mübahisələndirməyə çalışmışdı.
Bundan sonra Pentaqon bulud hesablama sahəsində xidmətlərin göstərilməsi üzrə yeni müqavilə imzalamaq niyyətində olduğunu bildirib. Qurum bu yolla “Amazon” və “Microsoft” kompaniyalarından müvafiq təkliflər gözlədiyinə eyham vurub.