Cəlilabadda sərtləşdirilmiş karantin rejimi qaydalarını pozan 4 nəfər saxlanılıb
Cəlilabad, 23 iyun, Bağır Əliyev, AZƏRTAC
Sərtləşdirilmiş karantin rejiminin tələblərinə ciddi şəkildə əməl olunması məqsədilə polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir. Xəbərdarlıqlara məhəl qoymayan, karantin rejiminin tələblərini pozan şəxslər barəsində qanunamüvafiq tədbirlər görülür.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, karantin rejiminin sərtləşdirilməsi ilə əlaqədar olaraq Cəlilabad şəhərinin girişində yaradılmış stasionar postda “Mercedes” markalı avtomobilin sürücüsünə “Saxla!” əmri verilsə də, o, bu əmrə tabe olmayaraq hərəkəti davam etdirib.
Şəhər ərazisində həmin avtomobil polis əməkdaşları tərəfindən saxlanıldığı zaman sürücü və həmin vaxt avtomobildə olan 3 sərnişin yenidən tabesizlik göstərməyə çalışsa da, saxlanılaraq Cəlilabad Rayon Polis Şöbəsinə gətiriliblər.
Onların Biləsuvar sakinləri Y.Şahmarov, İ.Abdullazadə, F.Əlizadə və R.Quliyev olduqları müəyyən edilib.
Sərtləşdirilmiş karantin rejimi qaydalarını pozan şəxslər barəsində toplanmış materiallar rayon məhkəməsinə təqdim edilib. Onlardan ikisi barəsində inzibati həbs qərarı verilib, digərləri isə cərimə olunublar.