Cəlilabadda sərtləşdirilmiş karantin rejiminin qaydalarına zidd olaraq fəaliyyət göstərən kafe aşkarlanıb
Cəlilabad, 9 iyul, Bağır Əliyev, AZƏRTAC
Koronavirus (COVID-19) pandemiyası ilə mübarizə məqsədilə ölkəmizdə tətbiq edilən karantin rejiminin tələblərini pozan şəxslərlə bağlı tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, bu istiqamətdə Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən növbəti reyd zamanı Cəlilabad şəhəri ərazisində karantin qaydalarına zidd olaraq fəaliyyət göstərən “Cənnət bağı” adlı kafe aşkarlanıb.
Obyektə baxış zamanı orada olan kafenin icarədarı A.Əliyev və 11 nəfər müştərinin sərtləşdirilmiş karantin rejiminin tələblərini pozduqları aşkar edilib.
Həmin şəxslərə sərtləşdirilmiş karantin rejiminin qaydaları və tələbləri bir daha izah edilib və barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib, onlar cərimə olunublar.