Cəlilabadda sudan istifadə ilə bağlı xüsusi qərargah yaradılıb
Cəlilabad, 4 aprel, İlkin Adıyev, AZƏRTAC
Cəlilabad rayonu ərazisində torpaqların suvarılması zamanı su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, su təsərrüfatının idarə olunması və bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə xüsusi qərargah yaradılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, xüsusi qərargahın müşavirəsində əkin sahələrinin vaxtında və normal suvarılması, suvarma suyunun əkin sahələrinə ədalətli, ərazilərin ölçülərinə görə proporsional bölgü və növbəlilik prinsipləri əsasında verilməsi məqsədilə gündəlik nəzarət qrafiki təsdiqlənib.
Bununla bağlı yaradılan işçi qrupuna və səlahiyyətli şəxslərə sudan səmərəli istifadə olunmasından irəli gələn məsələləri növbəlilik qrafiki əsasında təşkil etmək tapşırılıb.
Rayonda əkin sahələrinin suvarılması zamanı sudan səmərəli istifadə olunması üçün ciddi nəzarət tədbirləri həyata keçiriləcək.