Cənubi Afrika Respublikasında Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb
Bakı, 11 dekabr, AZƏRTAC
Azərbaycanın Cənubi Afrikada Respublikasındakı səfirliyində Ümummilli Lider Heydər Əliyevin vəfatının 22-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.
Səfirlikdən AZƏRTAC-a bildirilib ki, əvvəlcə müasir Azərbaycan dövlətinin memarı Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilib, fotoşəkli önünə gül dəstələri qoyulub.
Səfirliyin müvəqqəti işlər vəkili Hüseyn Rəhimli Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmlənməsində və müstəqilliyin qorunmasında oynadığı tarixi roldan bəhs edib. Bildirib ki, müasir müstəqil Azərbaycan dövlətinin banisi və xilaskarı Heydər Əliyevin irsi xalqımız üçün daim örnək olaraq qalacaq. O, Ulu Öndərin rəhbərliyi ilə aparılan islahatların ölkə həyatının bütün sahələrində mühüm dəyişikliklər yaratdığını qeyd edərək, 1995-ci ildə qəbul olunmuş Azərbaycan Konstitusiyasının bu il 30 illiyinin tamamlandığını və 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edildiyini diqqətə çatdırıb.
Ulu Öndər Heydər Əliyev tərəfindən əsasları qoyulan uğurlu siyasi-iqtisadi kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Həyata keçirilən genişmiqyaslı islahatlar ölkəmizin inkişafına və xalqın rifahına töhfə verir.
Azərbaycanın bu gün dinamik inkişaf mərhələsinə qədəm qoyduğunu deyən H.Rəhimli Ümummilli Lider Heydər Əliyevin ən böyük arzusunun Qarabağın işğaldan azad olunması və ərazi bütövlüyümüzün bərpası olduğunu xatırladaraq, bu tarixi vəzifənin Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən yerinə yetirildiyini xüsusi qeyd edib. Vurğulayıb ki, Vətən müharibəsindən sonra azad edilmiş ərazilərdə geniş tikinti-quruculuq işləri uğurla aparılır, ölkəmiz bölgənin lider dövlətinə çevrilib.
Diplomat Heydər Əliyev Fondunun milli-mənəvi dəyərlərimizin, mədəni irsimizin qorunması və təbliği sahəsindəki fəaliyyətini, həmçinin bu istiqamətdə Birinci vitse-prezident Mehriban Əliyevanın xüsusi rolunu diqqətə çatdırıb.
Tədbir çərçivəsində Ümummilli Lider Heydər Əliyevin həyat yolu və fəaliyyətinə həsr olunmuş film nümayiş etdirilib.