Cənubi Afrikalı mer: Azərbaycan urbanizasiya sahəsində inkişaf etmiş ölkələrdən biridir VİDEO
Bakı, 21 may, AZƏRTAC
Bakıda təşkil olunan Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çox vacibdir. İlk növbədə bizi qəbul etdiyinə görə, Azərbaycana təşəkkür etməliyik. Bu beynəlxalq nüfuzlu tədbir ona görə əhəmiyyətlidir ki, dünyanın müxtəlif şəhərləri burada bir araya gələrək urbanizasiya, dayanıqlı tikinti və yaşayış məntəqələrinin inkişafı ilə bağlı yaxşı təcrübələrini bölüşürlər.
Bu sözləri AZƏRTAC-a açıqlamasında WUF13-də iştirak edən Cənubi Afrika Yerli İdarəetmə Assosiasiyasının təmsilçisi, Qautenq əyalətində yerləşən Lesedi Yerli Bələdiyyəsinin icraçı meri Meluleki Nelson Ronald Nkosi deyib.
O diqqətə çatdırıb ki, Azərbaycanda həyata keçirilən “ağıllı şəhər” və “ağıllı kənd” layihələri də çox yaxşı təcrübədir.
“Burada biz birgə qətnamələr və bəyanatlar hazırlayır, şəhərlərimizi necə inkişaf etdirəcəyimizlə bağlı ortaq razılığa gəlirik. Buraya gəldikdən sonra gördük ki, Azərbaycan urbanizasiya sahəsində inkişaf etmiş ölkələrdən biridir. Ümid edirik ki, burada onlardan öyrənəcəyik, eyni zamanda, onlar da dünya ölkələri kimi bizdən müəyyən təcrübələr öyrənəcəklər”,- deyə o əlavə edib.