Cənubi Koreyada qəbul imtahanında abituriyentlər arasında plastik baryerlər quraşdırılıb
Pekin, 3 dekabr, AZƏRTAC
Dekabrın 3-də Cənubi Koreyada ali məktəblərə təxirə salınmış qəbul imtahanı keçirilib.
AZƏRTAC yerli KİV-lərə istinadla xəbər verir ki, 9 saat davam edən imtahanda 430 minə yaxın abituriyent iştirak edib. Qəbul imtahanında iştirak edənlərin sayı 1994-cü ildən bəri ən aşağı rəqəm olsa da, pandemiya ilə əlaqədar sosial məsafənin qorunmasını mümkün etmək üçün bu dəfə imtahan keçirilən binaların sayı ötən ildəkindən 50 faiz çox olub. Bütün abituriyentlərin maska taxması məcburi olub. COVID-19 virusuna yoluxma şübhəsi olanlar xüsusi otaqda burun-boğaz yaxma testindən keçib. Diqqət çəkən məqam isə abituriyentlər arasında quraşdırılmış plastik baryerlər olub. Səlahiyyətli qurumlar bununla mümkün yoluxma hallarını minimuma endirməyi düşünüblər. Fasilələrdə abituriyentlərin toplaşmamasına ciddi nəzarət olunub. Abituriyentlər yeməkləri özləri ilə gətiriblər.
İmtahan gününədək COVID-19 virusuna yoluxmuş və ya pasiyentlərə yaxın təmasda olduqları üçün özünütəcrid şəraitindəki abituriyentlər xəstəxanalarda və ya karantin yerlərində imtahan verməli olublar.
Cənubi Koreyada ali məktəblərə qəbul imtahanında abituriyentlərin 5 fənn üzrə - Koreya dili, riyaziyyat, Koreya tarixi, sosial və təbii elmlər, ingilis dili və ikinci xarici dildən bilikləri yoxlanılır.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin