CEYHAN TERMİNALINDA TƏNTƏNƏLİ MƏRASİM KEÇİRİLƏCƏKDİR
Səngəçal terminalından Türkiyənin Aralıq dənizi sahilindəki Ceyhan terminalınadək uzanan 1.768 kilometrlik xəttin doldurulması üçün ümumilikdə 10 milyon barrel neft tələb olunur. Bu neft Xəzər dənizinin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” yatağından hasil edilir.
Hazırda əsas diqqət boru kəmərinin hər bir hissəsinə neft daxil olmazdan əvvəl onun bütövlüyünü və təhlükəsizliyini təmin etmək üçün ciddi sınaq və istismaravermə işlərinə yönəldilmişdir. Bu, gözlənildiyindən bir qədər çox vaxt aparır, lakin əsas məqsəd işi təhlükəsiz tamamlamaq və boru kəmərinin qarşıdan gələn 40 il və ondan artıq müddət üçün səmərəli istismar olunmasını təmin etməkdir.
Kəmərin Türkiyə hissəsinin və Ceyhan terminalının rəsmi açılışını gələn ilin yazında keçirmək planlaşdırılır. Mərasim neft Ceyhan terminalına çatandan və terminalda ilk tankerə doldurulandan sonra keçiriləcəkdir.
Hazırda Supsa terminalından gətirilmiş bir tanker xam neftdən istifadə olunmaqla, Ceyhan terminalının istismar sınaqları davam edir. İstismar sınaqlarından sonra terminal BTC boru kəməri vasitəsilə Ceyhana çatdırılan nefti qəbul etməyə tam hazır olacaqdır.