“Çanaqqaladan Qarabağa türk zəfəri” adlı onlayn konfrans keçirilib
Bakı, 23 mart, AZƏRTAC
“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin (TUMİB) təşkilatçılığı ilə “Çanaqqaladan Qarabağa türk zəfəri” adlı Çanaqqala savaşının 106-cı ildönümünə həsr olunmuş onlayn konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, konfrans TUMİB-in sədri Çingiz Bayramovun açılış nitqi ilə başlayıb. Türk dünyası uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra mövzuya aid maraqlı çıxışlar dinlənilib. Çıxışlar zamanı türk dünyasının ölməz liderləri Mustafa Kamal Atatürk və Heydər Əliyev də yad edilib. Konfrans ərzində bir neçə dəfə mövzuya aid videoçarxlar təqdim olunub. Eyni zamanda, 44 günlük Qarabağ müharibəsi zamanı TUMİB-lə birgə Gənclərin Töhfəsi İctimai Birliyi və “Green Start Academy”nin birgə təşkil etdiyi “Hərəyə bir bayraq” və “Bu bayraq da bizim bayraq” adlı aksiyalardan hazırlanmış videoçarx da təqdim edilib.
Tədbirin sonunda “Çırpınırdı Qara dəniz” mahnısı səsləndirilib.