ÇELYABİNSK VİLAYƏTİNİN NÜMAYƏNDƏ HEYƏTİ BAKIYA GƏLMİŞDİR
Mədəniyyət naziri Vladimir Makarov Heydər Əliyev adına beynəlxalq hava limanında jurnalistlərə demişdir: “Səfərimizin məqsədi olduqca sadədir - bir-birimizi yaxından tanımaq, bir-birimizin dəstəyini həmişə hiss etməkdir. Axı, sadə adamlar üçün məhz bu vacibdir. Çelyabinskdəki Azərbaycan diasporunun fəaliyyətinə gəldikdə isə, deyə bilərəm ki, bir yerdə uğurla işləyirik, heç bir problemimiz yoxdur. Çelyabinskdə və ümumən Rusiyada belə mərkəzlərə ehtiyac çoxdur”.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi Zöhrə Əliyeva AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, iyulun 5-də Ural regionu ilə Azərbaycan arasında ticarət-iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq haqqında saziş imzalanacaqdır. Baş nazir Artur Rasizadə, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və iqtisadi inkişaf naziri Heydər Babayevlə görüşlər nəzərdə tutulmuşdur.
Mədəniyyət günləri çərçivəsində “Çelyabinsk Dövlət Universiteti: XXI əsrdə elm və təhsil texnologiyaları”, “Dostluğun İpək yolu. Cənubi Ural-Azərbaycan: əməkdaşlıq və inkişaf naminə dialoq” mövzularında sərgilər və Rusiya Rəssamlar İttifaqı regional bölməsinin sərgisi açılacaqdır.
Viktor Lebedevin rəhbərlik etdiyi “Malaxit” Çelyabinsk Dövlət Rus Xalq Orkestrinin artistləri, vilayət opera və balet teatrının solistləri və Çelyabinsk Dövlət Universitetinin “Liniya” rəqs kollektivi konsert proqramı ilə çıxış edəcəklər.