İQTİSADİYYAT
“Çətinliklər: Zamanlar arasında naviqasiya” panel iclası keçirilib






Bakı, 3 oktyabr, AZƏRTAC
Oktyabrın 3-də 74-cü Beynəlxalq Astronavtika Konqresi çərçivəsində “Çətinliklər: Zamanlar arasında naviqasiya” panel iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, Kayli Aciernonun moderatorluğu ilə keçən panel iclasında əvvəlcə "Space Tango" şirkətinin CEO-su Sita Sonty çıxış edib. Qeyd edib ki, kosmosun tədqiqinin faydasını nəzərdən keçirərkən ən maraqlı məqam insan beynindəki yaddaş həcminin tutumudur. Ölkələr bütün sahələrdə inkişaf etdirmək istəyirsə, kosmosu tədqiq etməyə başlamalıdır. Biz bu müddət ərzində texnologiya transferi və kosmosun xarici siyasət aləti olduğunu öyrənmişik. Bu siyasi alətdən istifadə etməyi bacaran hər bir ölkə bütün arenalarda qazanacaq.
Daha sonra Rusiyanın "Aerospace Capital" şirkətinin CEO-su Valeriya Baraşkova çıxış edib. O, şirkətin fəaliyyəti, məhsulları haqqında iştirakçılara məlumat verib. Diqqətə çatdırılıb ki, şirkət bir çox yeniliklər etmək niyyətindədir. Onların "Space-Pi" proyekti məktəblilər və tələbələr arasında populyarlıq qazanıb. Həmçinin bildirilib ki, COVID-19 dövründə 6 ölkəyə aerokosmik sahədə yardım göstərilib.
"Orbit Fab" şirkətinin icraçı direktoru Manny Shar qeyd edib ki, kosmosdan bəzi problemlərin həllində istifadə edilməlidir. Dünyada yanacaq, şirin su ehtiyatları limitlidir. Bu isə gələcəkdə çox ciddi qlobal problemlər yaradacaq. “Şirkətimiz məsələnin həlli istiqamətində böyük addımlar atır. Burada çalışan işçi heyəti dünyanın gələcəyi üçün düşünür. Dünyada düşünən beyinlər dəyərləndirilməlidir”, - deyə icraçı direktor vurğulayıb.