ÇİLİDƏ PERUNUN SABİQ PREZİDENTİ SAXLANILMIŞDIR
Fuximora 2000-ci ildə Yaponiyaya qaçdıqdan sonra Peru məhkəməsi ona qarşı korrupsiya, insan hüquqlarının pozulması, 10 illik hakimiyyəti dövründə kütləvi qətllərin təşkili kimi 20-dək ittiham irəli sürmüşdü. Perunun hakimiyyət orqanları dəfələrlə onun ekstradisiyasını tələb etmişlər. Lakin Tokio sabiq prezidentin Yaponiya vətəndaşı olduğunu və Konstitusiyada ölkə vətəndaşlarının əcnəbi dövlətlərə təhvil verilməsini qadağan edən müddəanı bəhanə gətirərək, bu tələblərdən boyun qaçırırdı.
Fuximora noyabrın 6-da 3 silahdaşının müşayiəti ilə özəl təyyarədə Santyaqo hava limanına gəlmişdir. O, jurnalistlərə bildirmişdir ki, bir qədər Çilidə qaldıqdan sonra 2006-cı ildə Peruda keçiriləcək prezident seçkilərinə namizədliyini irəli sürmək üçün bu ölkəyə dönəcəkdir.
Peru Xarici İşlər Nazirliyi Fuximoranın saxlanılması xahişi ilə Çili hökumətinə nota göndərmişdir. Perunun daxili işlər naziri Romulo Pisarro və prokuror Antonio Maldonado sabiq prezidentin təhvil verilməsi məsələlərini Çilinin hakimiyyət orqanları və İnterpolla müzakirə etmək məqsədi ilə noyabrın 8-də bu ölkəyə gələcəklər.