ÇİMƏRLİKLƏRDƏ PROFİLAKTİK TƏDBİRLƏR GÜCLƏNDİRİLMİŞDİR
Fövqəladə hallar nazirinin müavini general-mayor Faiq Tağızadə bildirmişdir ki, hazırda Xəzərin sahillərində 39 dövlət çimərliyi vardır. Onlardan 14-ü Abşeron rayonu ərazisində fəaliyyət göstərir. Hər bir çimərlikdə nazirliyin təsdiq olunmuş planına əsasən xilasetmə məntəqəsi təşkil olunmuşdur. Bunlardan bəziləri tikilib istifadəyə verilib, bəziləri isə ilin sonunadək tam hazır olacaqdır.
Qeyd olunmuşdur ki, çimərlik mövsümü başlayandan iyulun 25-dək 32 nəfər boğulmuş, 146 nəfər isə xilas edilmişdir. Boğulma hallarının 3-ü dövlət, 1-i özəl, 28-i isə qeyri-qanuni çimərliklərdə baş vermişdir. Özəl və dövlət çimərliklərində boğulma halları, əsasən Fövqəladə Hallar Nazirliyinin həyata keçirdiyi tədbirlər nəticəsində azalmışdır. Lakin bununla belə, əhali hələ də qeyri-qanuni çimərlik sahələrindən istifadə edir və bu ərazilərdə xilasedici dəstələr olmadığı uçun bədbəxt hadisələr tez-tez baş verir.
Nazir müavini xəbərdarlıq etmişdir ki, qadağan olunmuş zonalarda çimmək insan həyatı üçün təhlükəlidir.
Nazirliyin Dövlət Sularda Xilasetmə İdarəsinin rəisi Yaqub Babayev xilasetmə dəstələrinin müasir texniki vasitələrlə təchiz olunduğunu bildirmişdir.
Nazirliyin Mülki Müdafiə İdarəsi rəisinin vəzifəsini icra edən Elxan Cəbiyev idarənin əməkdaşları tərəfindən sahil zonalarında aparılan yoxlamalar barədə məlumat vermişdir.
Sonda jurnalistləri maraqlandıran suallar cavablandırılmışdir.