Çin dilində Xocalı soyqırımına həsr olunmuş sayt fəaliyyətə başlamışdır
Pekin, 24 fevral (AZƏRTAC). Fevralın 24-də Azərbaycanın Çin Xalq Respublikasındakı (ÇXR) səfirliyində Xocalı faciəsinin 20-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilmişdir.
Səfirlikdə Heydər Əliyev Fondunun Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması məqsədi ilə təqdim etdiyi materiallardan, o cümlədən fotoşəkillər, CD-lər, “Qarabağ həqiqətləri” silsiləsindən kitab və bukletlər, habelə “Xocalı uşaqların gözü ilə” mövzusunda rəsm əsərlərindən ibarət sərgi təşkil olunmuşdur.
Pekindəki diplomatik korpusun təmsilçilərinin, bu ölkədə yaşayan soydaşlarımızın və azərbaycanlı tələbələrin iştirak etdikləri tədbirdə əvvəlcə Xocalı şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Mərasimdə Prezident İlham Əliyevin Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar Azərbaycan xalqına müraciəti oxunmuşdur.
İyirmi il əvvəl Xocalıda erməni təcavüzkarlarının törətdikləri vəhşiliklər haqqında danışan Azərbaycanın ÇXR-dəki səfiri Lətif Qəndilov bildirmişdir ki, Xocalıda baş verənlər təkcə Azərbaycan xalqına qarşı soyqırımı deyil, bəşəriyyət, insanlıq əleyhinə törədilmiş qanlı cinayət idi. “Böyük Ermənistan” dövləti yaratmaq kimi xəstə xülyanın əsiri olmuş erməni millətçilərinin xalqımıza qarşı törətdikləri bu növbəti kütləvi qırğın 613 nəfərin, o cümlədən 106 qadının, 63 uşağın, 70 qocanın həyatına son qoymuşdur. Soyqırımı zamanı insanlar xüsusi qəddarlıqla öldürülmüş, diri-diri yandırılmış, başlarının dərisi soyulmuş, bədən əzaları və başları kəsilmiş, gözləri çıxarılmış, hamilə qadınların qarnı süngü ilə deşik-deşik edilmişdi. Bu əməllərin qabaqcadan düşünülmüş qaydada, milli əlamətinə görə insanların tamamilə və ya qismən məhv edilməsi niyyəti ilə törədilməsi Xocalı faciəsinin beynəlxalq hüquqa əsasən məhz soyqırımı olduğunu təsdiq edir.
Səfir L.Qəndilov demişdir ki, bu gün artıq Azərbaycan hökuməti erməni millətçilərinin xalqımıza qarşı törətdikləri cinayətlər, o cümlədən Xocalı faciəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, onun soyqırımı kimi tanınması üçün məqsədyönlü və ardıcıl fəaliyyət göstərir. Bu, Xocalı şəhidləri qarşısında bizim vətəndaşlıq və insanlıq borcumuzdur.
Tədbirdə səfirliyin Çin ictimaiyyətini Xocalı hadisələri haqqında məlumatlandırmaq məqsədi ilə çin dilində hazırladığı www.huojiali.com saytının təqdimatı olmuşdur. Saytda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə fəaliyyətə başlamış “Xocalıya ədalət” beynəlxalq kampaniyası haqqında da geniş məlumat əskini tapmışdır.
Mərasimin sonunda Xocalı hadisələrindən bəhs edən videofilm nümayiş olunmuşdur.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin