Çin müxtəlif ölkələrə 350 milyon doza COVID-19 peyvəndi təqdim edib
Pekin, 3 iyun, AZƏRTAC
Çin indiyədək müxtəlif ölkələrə ümumilikdə 350 milyon doza COVID-19 peyvəndi təqdim edib.
AZƏRTAC Çin Xarici İşlər Nazirliyinin məlumatına istinadla xəbər verir ki, bunların əsas hissəsi 40-dan çox ölkəyə kommersiya prinsipi əsasında satılıb, müəyyən hissəsi isə Çin dövləti tərəfindən yardım kimi təqdim olunub. Çin yardım formasında təxminən 80 dövlətə vaksin göndərib.
Bildirilir ki, Çin şirkətləri dünyada COVID-19 vaksinlərinə tələbatı ödəmək üçün istehsal gücünü artırmaqla yanaşı, bəzi ölkələrdə tam və ya qismən vaksin istehsalına da başlayıb.
Hazırda Çində COVID-19 virusu əleyhinə 20 peyvəndin kliniki sınaqları aparılır.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Çinin “Sinopharm” və “Sinovac Biotech” şirkətlərinin COVID-19 virusu əleyhinə peyvəndlərini təcili istifadə üçün təsdiqləyib.
Hər 2 şirkətin COVID-19 əleyhinə peyvəndi təsirsiz hala gətirilmiş (inaktivləşmiş) vaksindir. Bu peyvəndlərin hazırlanmasında orqanizmdə ciddi xəstəliyə və ya əks-təsirə səbəb olmadan bədənin immunitet sistemini virusa məruz qoymaq üçün öldürülmüş virus hissəciklərindən istifadə olunub. Bundan başqa, “CanSino” şirkətinin birdozalı rekombinant adenovirus peyvəndi də xaricə ixrac olunur.
Xatırladaq ki, Azərbaycanda yanvarın 18-dən həyata keçirilən vaksinasiya prosesində də əsasən Çinin “Sinovac” şirkətinin istehsal etdiyi “CoronaVac” peyvəndindən istifadə olunur. Prezident İlham Əliyevin mayın 20-də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı videoformatda müzakirələri zamanı Azərbaycanın vaksinlə təminatı məsələsində Çinin dəstəyini xüsusi vurğulayıb: - “Bu fürsətdən istifadə edərək Prezident Si Cinpinə Azərbaycanın “Sinovac” peyvəndi ilə təmin olunmasında nəzakətli dəstəyinə görə təşəkkürümü ifadə etmək istəyirəm. Bizim istəyimiz dərhal yerinə yetirildi və məhz buna görə bu gün Azərbaycan pandemiya ilə mübarizədə öndə gedən ölkələrdəndir”.
Dövlətimizin başçısı Azərbaycanın Çinin həmin dostluq jestini yaxın və səmimi münasibətlərin göstəricisi olaraq çox yüksək qiymətləndirdiyini bildirib.
Bu mövzu Prezident İlham Əliyev və Çin Xalq Respublikasının Sədri Si Cinpinin iyunun 2-də baş tutan telefon danışığı zamanı da müzakirə olunub. Dövlət başçıları COVID-19 pandemiyası dövründə Azərbaycan və Çinin həqiqi dostluq nümayiş etdirərək, çətinliklərin öhdəsindən gəldiklərini və bir-birini dəstəklədiklərini məmnunluqla qeyd ediblər.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin