İQTİSADİYYAT
Çin şirkətləri ilə bərpaolunan enerji sahəsində əməkdaşlıq müzakirə edilib
Bakı, 26 sentyabr, AZƏRTAC
Energetika nazirinin müavini Orxan Zeynalovun rəhbərlik etdiyi nümayəndə heyəti Çinin Yangijang və Pekin şəhərlərində səfərdə olub.
Energetika Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, səfər çərçivəsində nümayəndə heyəti Azərbaycanın Energetika Nazirliyi ilə “China Energy Engineering Group Co.Ltd” arasında yaradılmış işçi qrupunun 2-ci iclasında iştirak edilib.
Həmçinin “Guangdong Electric Power Design İnstitute Co., Ltd., CEEC”, “TBEA CO., Ltd.”, “China Datang Corporation Ltd.” şirkətlərinin təmsilçiləri ilə görüşlər keçirilib. Nümayəndə heyətində Energetika Nazirliyinin əməkdaşları ilə yanaşı “SOCAR Green” şirkətinin direktoru Elmir Musayev də təmsil olunub.
Görüşlərdə Azərbaycanın təşəbbüskarı olduğu enerji dəhlizləri haqqında məlumatlar diqqətə çatdırılıb, “Xəzər-Qara dəniz-Avropa” Yaşıl Enerji Dəhlizi ilə bərpaolunan enerjinin böyük həcmdə ixracı baxımından əhəmiyyətindən bəhs edilib. Çinlə bərpaolunan enerji, enerji saxlanc sistemləri, şəbəkənin gücləndirilməsi, yaşıl enerjinin ixracı, dənizdə külək enerjisi, yüksək gərginlikli sabit cərəyan (HVDC) kabellərinin təchizatı sahəsində əməkdaşlıq imkanları müzakirə edilib. Ən yeni təcrübələrin öyrənilməsi barədə geniş fikir mübadiləsi aparılıb.
Çin şirkətlərinin ölkəmizdə nəhəng bərpaolunan enerji potensialının reallaşdırılması üzrə genişmiqyaslı fəaliyyət sahələrində iştiraka maraq göstərdikləri diqqətə çatdırılıb, Azərbaycanda bərpaolunan enerji stansiyalarının tikintisinə investisiya imkanları dəyərləndirilib.