Çin yoluxucu xəstəliklərə qarşı sərhəd karantinini sərtləşdirir
Pekin, 16 mart, AZƏRTAC
Çin yoluxucu xəstəliklərin, o cümlədən yeni tip koronavirusun (COVID-19) xaricdən ölkəyə daxil olmasının qarşısını almaq üçün sərhəd karantini sərtləşdirir.
AZƏRTAC Çin Baş Gömrük Administrasiyasının məlumatına istinadla xəbər verir ki, ölkənin Ali Xalq Məhkəməsi, Ali Xalq Prokurorluğu, İctimai Təhlükəsizlik və Ədliyyə nazirliklərinin qəbul etdiyi birgə təlimata əsasən, ölkəyə daxil olarkən təcrid edilmiş müşahidə məntəqələrində karantində qalmaqdan imtina edən şəxslərə (yoluxucu xəstəliklərə yoluxduğu şübhə edilənlər) cinayət məsuliyyətinə cəlb oluna bilərlər. Bundan başqa, Çinə daxil olarkən infeksion xəstəlik daşıyıcısı olmaları barədə məlumatları sağlamlıq haqqında bəyannamədə qeyd etməyənləri cinayət məsuliyyəti gözləyir.
Qeyd edək ki, son günlər xarici ölkələrdən, o cümlədən İtaliya, ABŞ, İspaniya, Böyük Britaniyadan gələn bir neçə nəfərdə COVID-19 infeksiyası aşkarlanandan sonra qabaqlayıcı və nəzarət tədbirlərini gücləndirmək üçün bəzi qərarlar qəbul olunub. Xaricdən işgüzar məqsədlə gələnlər 14 gün xüsusi ayrılmış yerlərdə öz hesabına karantində qalmalıdırlar. Xaricdən qayıdan Çin vətəndaşları və daimi yaşayış icazəsi olan əcnəbilər isə öz evlərində 14 gün təcrid olunmuş halda yaşamalıdırlar. Səlahiyyətli qurumlar karantin dövründə həmin şəxsləri nəzarətdə saxlayacaq. Karantin dövründə səhlənkarlıq edib yaşadığı yeri tərk edənlərə qarşı sərt cəzalar tətbiq olunacaq.
Çində COVID-2019-a yoluxanların sayı 81 min 84, bu virus səbəbindən ölənlərin sayı isə 3 min 212 nəfərə çatıb. Çin Dövlət Səhiyyə Komitəsinin məlumatına əsasən, ötən sutka ərzində 16 yoluxma və 14 ölüm faktı qeydə alınıb. Ölüm hallarının hamısı virusun episentri olan Xubey vilayətində baş verib.
Hazırda Çindən kənarda, xüsusən Avropa ölkələrində, İran, ABŞ və Cənubi Koreyada COVID-19-un sürətlə yayılması müşahidə olunur. Çin istisna olmaqla 157 ölkədə 170 min 381 yoluxma, 3313 ölüm faktı qeydə alınıb. Martın 11-də Dünya Səhiyyə Təşkilatı yeni koronavirusun dünyada yayılmasının pandemiya xarakteri aldığını elan edib.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin