SİYASƏT
Çindəki həmvətənlərimiz Azərbaycan ordusunun uğurlarına sevinirlər
Pekin, 7 aprel, AZƏRTAC
Çindəki həmvətənlərimiz son günlər cəbhə xəttində erməni separatçılarının təxribatı nəticəsində yaranmış vəziyyəti diqqətlə izləyir, Silahlı Qüvvələrimizin əks-həmlə ilə düşməni layiqincə cavablandırmasına sevinirlər.
Uzun illərdir Pekində yaşayan həmvətənimiz, hüquq üzrə fəlsəfə doktoru Rəşad Qocayev bildirib ki, ordumuzun cəbhə xəttində əldə etdiyi uğurlardan qürur duyuruq. Hərbçilərimizin döyüşlərdə göstərdikləri şücaət və rəşadət Azərbaycan ordusundakı ruh yüksəkliyini və üstün döyüş hazırlığını bir daha təsdiq etdi. Xalqımız Azərbaycan Prezidenti, Ali Baş Komandan ətrafında həmrəy olduğunu, ehtiyac yaranarsa, səfərbər olub işğal altındakı torpaqlarımızı xain düşməndən azad etməyə, ölkəmizin suverenliyini və ərazi bütövlüyünü bərpa etməyə hazır olduğunu nümayiş etdirdi.
R.Qocayev deyib: “Hansı ölkədə yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı Vətənin çətin günlərində xalqımıza dəstəyini göstərməlidir. Biz, Çində yaşayan azərbaycanlılar da hər an Vətəninin müdafiəsinə, bu yolda savaşa, şəhid olmağa hazır olduğumuzu bildiririk. Çünki “Torpaq - uğrunda ölən varsa, Vətəndir” deyiblər. Arzu edirik ki, tezliklə üçrəngli bayrağımızı Qarabağımızda, Şuşada, Laçında dalğalandıraq, şəhidlərimizin qanını yerdə qoymayaq”.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin