“Coders Caravan” layihəsinin ilk 20 xanım məzunu proqramlaşdırma bacarıqlarına yiyələnib
Bakı, 29 avqust, AZƏRTAC
“Technest” təqaüd proqramı, “Coders Azerbaijan” tədris mərkəzinin, Amerika Birləşmiş Ştatları Beynəlxalq İnkişaf Agentliyinin (USAID) və Qara Dəniz Əməkdaşlıq Fondunun “Coders Caravan” adlı sosial layihəsi xüsusilə regionlardan olan gənc xanımların proqramlaşdırma sahəsində karyera imkanlarını təşviq etmək məqsədilə yaradılıb.
AZƏRTAC xəbər verir ki, “Coders Caravan” layihəsi çərçivəsində ilk 20 xanım məzun proqramlaşdırma bacarıqlarına yiyələnib. Layihənin yekununda “Coders Caravan” sosial layihəsinin 8 aylıq hesabatı təqdim olunub. Daha sonra məzunlar buraxılış layihələri ilə çıxış ediblər. Məzunların böyük marağa səbəb olan layihələrinə elektron ticarət veb-saytı və tətbiqi, onlayn xidmətlər, hətta NFT alış-verişini mümkün edən platforma da daxildir.
“Full-Stack” proqramlaşdırma sahəsində sertifikat əldə edən xanım məzunlar tədbirin netvörkinq hissəsində gələcək karyera perspektivlərini müxtəlif dövlət və özəl qurumların nümayəndələri ilə müzakirə ediblər. “Gənc xanımlar üçün proqramlaşdırma sahəsində karyera imkanları yaradan bu layihənin ərsəyə gəlməsində iştirak edən bütün qurumlara təşəkkür edirik və xanımlarımıza uğurlu karyera həyatı arzu edirik”, - deyə tədbirdə layihənin təşkilatçıları bildirib.
Qeyd edək ki, “Technest” təqaüd proqramı 2021-ci ilin oktyabrdan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşəbbüsü ilə İnnovasiyalar və Rəqəmsal İnkişaf Agentliyinin nəzdində yaradılıb. Məqsəd ölkədə İKT sahəsində kadr bankının yaradılması prosesinə töhfə vermək və əmək bazarındakı kadr ehtiyaclarını qarşılamaqdır. Proqram fəaliyyətinin ilk ili olan 2021-22 tədris ilində 700-dən çox gəncə təhsil üçün təqaüd ayırıb. Fəaliyyətinin ikinci ilində qarşıya qoyulan məqsəd təqaüdçü sayını 3 min nəfərə çatdırmaqdır.