Coğrafiya olimpiadasında iştirak edəcək komanda üzvlərinin adları məlum olub
Bakı, 24 iyun, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunda 19-cu Beynəlxalq Coğrafiya Olimpiadasında (19th International Geography Olympiad, iGeo) iştirak edəcək Azərbaycan komandası üzvlərinin seçim turu keçirilib.
İnstitutdan AZƏRTAC -a bildirilib ki, olimpiadaya hazırlıq Coğrafiya İnstitutunun və Azərbaycan Coğrafiya Cəmiyyətinin (ACC) dəstəyi ilə təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin qalibi “Coğrafiyadan şagirdlərin Beynəlxalq Coğrafiya Olimpiadasına (iGeo) hazırlığı” layihəsi çərçivəsində reallaşıb.
Layihə rəhbəri və iGeo Azərbaycan komandasının rəhbəri Yaşar Seyidəliyev qeyd edib ki, sayca 19-cu beynəlxalq olimpiada bu il İndoneziyanın Bandunq şəhərində keçiriləcək. Yarışlara coğrafiya fənnindən yüksək nəticələri olan 16-19 yaşlı şagirdlərin hazırlığı həmişə olduğu kimi, 3 mərhələdə keçirilir: yazılı test (written test), multimedia testi (multimedia test) və müşahidə tələb edən, kartoqrafik təsvir və coğrafi təhlilə aparan əhəmiyyətli sahə işi (fieldwork). Proqrama, həmçinin komandalar tərəfindən poster təqdimatları, mədəni mübadilələr və şagirdlərin yeni yoldaşlarla tanışlığı, eləcə də ayrılan vaxt ərzində olimpiadaya ev sahibliyi edən şəhər haqqında məlumatların toplanması daxildir. Y.Seyidəliyev bildirib ki, iki mərhələni uğurla dəf edən 8 iddiaçıdan 4-nün adı bugünkü sonuncu turdan sonra məlum olacaq.
Sonra şagirdlər 10 dəqiqə ərzində hazırladıqları təqdimatlarla çıxış edib, münsiflərin suallarını cavablandırıblar.
Coğrafiya İnstitutunun baş direktoru Zakir Eminov, icraçı direktor Zaur İmrani, coğrafıya üzrə fəlsəfə doktoru Samirə Abuşova, kiçik elmi işçilər Bəyimxanım Hüseynova və Nazim Gəraybəyli, Türkiyə iGeo-nun komanda rəhbəri Mesut Süzer, respublika fənn olimpiadalarından Mahir Sərkərli, iGeo hazırlıq dərslərinin ev sahibliyi etdiyi “Fortis Academy”nin direktoru Ramil Hacıyevdən ibarət münsiflər heyəti məşvərətdən sonra 19-cu olimpiadada iştirak edəcək şagirdlərin adlarını elan ediblər.
Sonda baş direktor Z.Eminov yeni seçilən iGeo 2023 Azərbaycan komandasının üzvlərini təbrik edib, onlara öz tövsiyələrini verib və uğurlar arzulayıb.