COP28: İqlim “məhkumluğu”na qarşı mübarizə üçün ərzaq sisteminin dəyişdirilməsi planı
Bakı, 11 dekabr, AZƏRTAC
Bazar günü BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyasında (COP28) qurumun Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) qlobal aqrar-ərzaq sistemlərinin dəyişdirilməsi üzrə novator plan təqdim edib. Hazırda kənd təsərrüfatı və ərzaq sektoru tullantıların böyük miqdarına görə cavabdehdirlər, lakin FAO-nun yol xəritəsinə müvafiq olaraq, onlar 2050-ci ilədək karbon qazını udmağa başlaya bilərlər.
AZƏRTAC BMT-nin rəsmi saytına istinadla xəbər verir ki, təşkilat heyvandarlıq, kənd təsərrüfatı bitkiləri və balıqçılıq kimi 10 prioritet sahəni müəyyən edib. Bu plana riayət olunarsa, dünyanı 17 Dayanıqlı İnkişaf Məqsədlərindən ikincisinə - “Aclığın aradan qaldırılması”na yaxınlaşdırmaq mümkün ola bilər.
FAO-nun aqrar-ərzaq iqtisadiyyatı şöbəsinin direktoru Devid Labordenin sözlərinə görə, yol xəritəsi “məhkumluq” hissindən yaxa qurtarmaq üçün işlənib hazırlanıb. “Bizə lazımdır ki, vətəndaş cəmiyyətinin özünü toplaması üçün siyasətçilər hərəkətə keçsin, özəl sektor isə bu gün daha möhkəm və sərfəli sabaha sərmayənin qoyulmasının düzgün addım olacağını başa düşsün”, - deyə o əlavə edib.
FAO-nun baş iqtisadçısı Maksimo Torero bildirib ki, yol xəritəsinin məqsədi aqrar-ərzaq sistemlərinin iqlim dəyişmələrinə qarşı mübarizə tədbirlərinin köməyi ilə dəyişdirilməsi, nəticədə ərzaq təhlükəsizliyinə nail olunmasıdır. Torero qeyd edib ki, dünyada təqribən 738 milyon nəfərin xroniki şəkildə doyunca qidalanmadığı nəzərə alınarsa, ərzaq mövzusu iqlim haqqında diskussiyaların bir hissəsi olmalı və iqlim maliyyələşməsini cəlb etməlidir.
FAO-nun dərc etdiyi hesabata əsasən, kənd təsərrüfatı və ərzaq sistemlərinə daxil olan iqlim maliyyələşməsi həddən artıq azdır və azalmaqda davam edir.
Torero əlavə edib ki, COP28-də aparılan iş “yaxşı dönüş nöqtəsi”dir, FAO-nun yol xəritəsi isə konfransın açılışında təqdim olunan dayanıqlı kənd təsərrüfatı, dayanıqlı ərzaq sistemləri və iqlim dəyişmələri ilə mübarizə haqqında Bəyannamənin icrası üçün təlimat rolunu oynayacaq.
FAO-nun planı COP28-in ərzaq, kənd təsərrüfatı və su ehtiyatlarına həsr olunan günündə təqdim edilib. Nazirlər və digər vəzifəli şəxslər hazırda 150-dən çox üzv ölkənin imzaladığı Bəyannamənin icrası yollarını müzakirə etmək üçün bir araya gəliblər.
“Dayanıqlı inkişaf sahəsində məqsədlərə nail olunmasına 7 il vaxt qaldığından, biz kollektiv səyləri təcili şəkildə aktivləşdirməli, ərzaq sistemlərindən vasitə kimi istifadə etməliyik”, - deyə BMT Baş katibinin müavini Əminə Məhəmməd bildirib.
O əlavə edib ki, Paris Sazişinin uzunmüddətli məqsədlərinin həyata keçirilməsi üzrə hər hansı plana qlobal tullantılarının üçdəbirindən çoxunun payına düşdüyü kənd təsərrüfatı və ərzaq sistemləri daxil edilməlidir.
Bəşəriyyət problemlərin ən qabaqcıl həllərindən birini yosunlarda - “planetin istifadə olunmayan nəhəng ehtiyatında” tapa bilər.
Okean üzrə ekspert Vinsent Dumeyzel belə hesab edir. O əmindir ki, yosunlar nəinki iqlim dəyişmələrinin, həm də ərzaq çatışmazlığı və sosial böhranın öhdəsindən gələ bilər. Dumeyzel dəniz yosunlarının karbon qazı udması qabiliyyətini vurğulayıb. Bundan başqa, onlar qidalı maddələr və zülalla zəngindir. “Yosunlar çox sürətlə - gündə 40 santimetrədək böyüyə və 60 metr hündürlüyə çata bilir. Bu, əsl meşədir və Amazon cəngəllikləri ilə müqayisədə daha çox karbonu canına çəkir”, - deyə o qeyd edib.
Okean üzrə ekspertin sözlərinə görə, Şərqi Afrikada yosunların yetişdirilməsi iş yerlərinin açılmasına, qadınların hüquqlarının və iqtisadi imkanlarının genişləndirilməsinə şərait yaradar.
O, gələcək haqqında qorxu ilə danışmağa son qoymağa və bunun əvəzində gənc nəslə “ümid və nikbinlik” aşılamağa çağırıb.