COP29
COP29 çərçivəsində AMOC və Qolfstrimin vəziyyəti ilə bağlı məruzə təqdim olunacaq
Stokholm, 29 oktyabr, Nərgiz Cəfərli, AZƏRTAC
Nə az, nə çox - dünyanın müxtəlif ölkələrindən olan 48-ə yaxın alim Şimali Avropa ölkələrinin hökumətlərinə müraciətində Qolfstrim okean axının dağılması ilə bağlı narahatlıq ifadə edib. Onların fikrincə, əvvəllər bu axının pozulması ilə bağlı təhlükə yetərincə qiymətləndirilməyib.
AZƏRTAC xəbər verir ki, Yer kürəsində son onilliklərdə isinməyən azsaylı ərazilərdən biri okeanın Qrenlandiyanın cənubunda “soyuq damcı” kimi tanınan bölgəsidir. Onun soyumasına Qrenlandiyanın buzlaqlarından okeana axan böyük həcmdə ərimiş su səbəb olur.
Alimlər xəbərdarlıq edirlər ki, ərimiş suların bu axını dünya okeanlarının üç əsas sirkulyasiya sistemindən birini - Qolfstrimin bir hissəsi olan AMOC-u (Atlantic Meridional Circulation) pozmaq təhlükəsi yaradır.
Potsdam İqlim Tədqiqatları İnstitutunun professoru və direktoru Yohan Rokström deyib: “Bu sistem artıq son 100 min il ərzində çökmələrə məruz qalıb və onun həssaslığı çoxlarının düşündüyündən daha yüksəkdir”.
Onun digər alimlərlə birgə hazırladığı hesabatda bu mülahizələr öz əksini tapıb və onlar noyabrda Bakıda keçiriləcək COP29 iqlim konfransında təqdim olunacaq. Məhz AMOC və Qolfstrimin vəziyyəti bu il hesabatın ən mühüm nəticələrindən biri olub.
Hesabatda daha çox yayılmış və həyat üçün bilavasitə təhlükə yaradan həddindən artıq rütubət və yüksək temperatur kimi digər məsələlər də vurğulanır. Bundan əlavə, alimlər qeyd edirlər ki, sağlamlığa müsbət təsirlərinə baxmayaraq, havanın çirklənməsinin azaldılması qlobal istiləşməni sürətləndirə bilər. Çünki günəş işığını əks etdirən hissəciklər istiləşməni azaldır, onların azalması isə istixana effektini artırır.
Alimlər vurğulayırlar ki, fəlakətli nəticələrin qarşısını almaq üçün AMOC-un mümkün dağılması ssenarilərini nəzərə almaq vacibdir. Onlar Skandinaviya siyasi liderlərini bu xəbərdarlıqları ciddi qəbul etməyə və iqlim risklərini minimuma endirmək üçün tədbirlər görməyə çağırırlar, çünki davamlı etinasızlıq ölkələrin dayanıqlığını və xalqların rifahını təhlükə altına qoya bilər.