İQTİSADİYYAT
COP29 çərçivəsində “Qlobal iqlim böhranında strateji kommunikasiya” mövzusunda iclaslar keçiriləcək
Bakı, 11 noyabr, AZƏRTAC
COP29 çərçivəsində “Qlobal iqlim böhranında strateji kommunikasiya” mövzusunda iclaslar keçiriləcək. İclaslar Türkiyə Kommunikasiya İdarəsinin təşkilatçılığı ilə həyata keçiriləcək.
AZƏRTAC xəbər verir ki, hər il Türkiyənin Kommunikasiya İdarəsi tərəfindən təşkil olunan Beynəlxalq Strateji Kommunikasiya Sammiti (Stratcom Summit) çərçivəsində “Stratcom Public Forum”da dövlət qurumları, beynəlxalq təşkilatlar, qeyri-hökumət təşkilatları və akademiklər qlobal problemləri müzakirə edirlər.
Bu tədbirlərdə iqlim dəyişikliyinə qarşı mübarizənin əhəmiyyəti vurğulanacaq. Azərbaycanın ev sahibliyi etdiyi COP29 konfransı, Türk dünyasının qlobal aləmdə rolunu gücləndirməklə yanaşı, “Sıfır tullantı” mövzusunu əsas prioritet olaraq dəyərləndirmək üçün əhəmiyyətli bir fürsət təqdim edir. Keçiriləcək dəyirmi masa müzakirələrində bu mövzular diqqət mərkəzində olacaq: “Sıfır tullantı” çərçivəsində iqlim böhranı ilə mübarizədə xüsusi və ictimai əməkdaşlıq; dayanıqlı enerji və inkişaf; iqlim böhranının beynəlxalq münasibətlərdə yaratdığı yeni çağırışlar; Türkiyənin yaşıl inkişaf sahəsindəki irəliləyişləri; təhsil və maarifləndirmə yolu ilə “Sıfır tullantı” mədəniyyətinin yayılması; iqlim dezinformasiyası ilə mübarizə və iqlim böhranında strateji kommunikasiyanın əhəmiyyəti.
Mövzuların müzakirəsi, iqlim dəyişikliyi ilə mübarizədə səmərəli strategiyaların formalaşmasına töhfə verəcək.