COVID-19: Fransada son sutkada 11 532 yeni yoluxma qeydə alınıb
Paris, 16 dekabr, AZƏRTAC
Fransada COVID-19 infeksiyasına son sutkada 11 532 yeni yoluxma və 483 ölüm faktı qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, bu haqda Fransa Səhiyyə İdarəsi məlumat yayıb.
Bildirilib ki, xəstəxanalarda 25 240 koronavirus xəstəsi var. Reanimasiya şöbələrinə 2 881 ağır vəziyyətdə xəstə yerləşdirilib.
Ölkədə koronavirus qurbanlarının ümumi sayı 59 min 72-yə çatıb. Onlardan 40 653-ü xəstəxanalarda, 18 419-ü isə qocalar evlərində həyatını itirib.
Epidemiya başlayandan 2 391 447 nəfər koronavirusa yoluxub. Ölkədə 2 523 qrup yoluxması qeydə alınıb.
Dekabrın 15-dən ölkədə epidemiya ilə bağlı tətbiq olunan komendant saatının vaxtı dəyişərək, saat 20:00-dən 06:00-ya qədər müəyyənləşdirilib. Şagirdlər məktəbə artıq həftənin 3 günü gedəcəklər.
Epidemiya ilə bağlı yaradılmış elmi şuranın prezidenti yanvar ayından virusun yenidən fəal şəkildə baş qaldıracağı ilə bağlı xəbərdarlıq edib. Koronavirus əleyhinə peyvəndin 2021-ci ilin 1-ci və 2-ci rüblərində təsirinin az olacağını, virusun qış fəslində daha sürətlə yayılacağını bildirib.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris