Cozef Borel: Serbiya ilə Kosovo normallaşma yolunda ilk addımı atırlar
Belqrad, 6 aprel, AZƏRTAC
Şimali Makedoniyanın Ohri şəhərində imzalanan sazişin icrası ilə bağlı başlayan danışıqlar çərçivəsində Serbiya və Kosovo nümayəndələri taleyi məlum olmayan şəxslərə dair bəyannamənin mətni üzrə razılığa gəliblər.
AZƏRTAC xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borel deyib.
Serbiya və Kosovo rəsmilərinin Brüsseldə keçirdikləri görüşdə bəyannamənin mətni üzrə müzakirələrin aparıldığını bildirən C.Borel bunu iki ölkə münasibətlərinin normallaşması yolunda atılan ilk addım kimi qiymətləndirib.
O, bəyannamənin mətninin hər iki ölkənin lideri tərəfindən təsdiqlənməsi üçün görüşün keçiriləcəyini bildirib.
“Serbiya və Kosovo münasibətlərin normallaşması yolunda və sazişin əlavəsi ilə bağlı öhdəlik götürüblər. Aİ hər iki ölkənin öhdəliklərini yerinə yetirməsini və ən qısa zamanda həyata keçirməyə başlamasını gözləyir. Tərəflər hər hansı gərginlikdən qaçmalıdırlar”, - deyə Avropa İttifaqının ali nümayəndəsi qeyd edib.
Xatırladaq ki, martın 18-də Şimali Makedoniyanın Ohri şəhərində Serbiya Prezidenti Aleksandar Vuçiç və Kosovonun Baş naziri Albin Kurti Aİ-nin vasitəçiliyi ilə təxminən 12 saat davam edən görüşdə iki ölkə arasında münasibətləri normallaşdıracaq 11 bəndlik saziş üzrə razılığa gəliblər.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Belqrad