CYOTİ SVARUP PANDE: ÖLKƏLƏRİMİZ ARASINDA MƏDƏNİ ƏLAQƏLƏR İNKİŞAF EDƏCƏKDİR
Hindistan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cyoti Svarup Pande AZƏRTAC-ın müxbirinə demişdir ki, ölkələrimiz arasında yeni əlaqələr 1999-cu ildə Azərbaycanda Hindistan səfirliyinin açılmasından sonra başlamışdır. Lakin tarixi münasibətlərimizə söykənən mədəni əlaqələr, xüsusilə iki ölkə musiqiçilərinin təşəbbüsləri əsasında həyata keçirilən tədbirlər diqqətəlayiqdir. Son günlər Azərbaycan-Hindistan musiqisinə həsr olunan festival xalqlarımızın mədəni- mənəvi yaxınlığını, milli musiqi ənənələrini, insani duyğularını nümayiş etdirdi. Yaxın zamanlarda Dehlidə Azərbaycan səfirliyi açılacaqdır. Hindistanda Azərbaycan mədəniyyətinə maraq böyükdür. Çox istərdim ki, Azərbaycan mədəniyyəti nümayəndələri, onu təmsil edən şəxslər Hindistana gedə bilsin. Çünki dünyəvi dəyərlərə malik mədəniyyət və incəsənəti tanıtmaq lazımdır. Yaxın zamanlarda burada kino festivalı keçirəcəyik. 3 il öncə Bakıda Rac Kapurun çəkildiyi filmlərin festivalı keçirilib. Amma bu il biz Hindistanda mövcud olan digər dillərdəki filmləri nümayiş etdirəcəyik. Mən Azərbaycan muğamını sevirəm və onunla dərindən maraqlanıram. Bir musiqiçi kimi deyirəm ki, Azərbaycan muğamı, musiqisi Hindistanın bəzi yerlərindəki musiqiyə çox bənzəyir. Amma onların intonasiya, səs təqdimatı bir-birindən olduqca fərqlidir. Bəlkə də bu, təsadüfdür. Lakin mən düşünürəm ki, Hindistandan gəlib Azərbaycan muğamına, musiqisinə qulaq assalar, hər iki tərəf özünə uyğun və bənzər məqamları tapa bilər. Məhz bu oxşar musiqilər üzərində düşünmək və nə isə yaratmaq olar. Mən qəlbən inanıram ki, ölkələrimiz arasında mədəni əlaqələr getdikcə inkişaf edəcəkdir.